Hazırda Naxçıvan Muxtar Respublikasında Naxçıvan avtomobil zavodunun yaradılması üzrə sənədlər hazırlanır. Bu barədə Trend ə eksklüziv olaraq Gəncə avtomobil zavodunun başçısı Xanlar Fətiyev bildirib. Bu müəssisədə Lifan markalı Çin avtomobilləri istehsalının təşkili planlaşdırılır.
Sentyabrın əvvəlində istehsalatın təşkili üçün işçi meydanların tikintisinə başlanacaq. Bu il oktyabr ayının sonunda bu prosesi tamamlamaq və yeni zavodda Çin avtomobillərini yığmağa başlamaq nəzərdə tutulub. NMR-də istehsalatın açılması avtomobillərin qiymətinin artmasına səbəb olmayacaq, çünki bu, əksinə, nəqliyyat xərclərini aşağı salır. Çindən ehtiyat hissələri İran ərazisindən keçməklə gətiriləcək. Bundan başqa, NMR-də zavodun açılışı çoxlu iş yerlərinin yaradılmasına imkan yaradacaq.
X.Fətiyevin sözlərinə görə, Azərbaycanda Lifan-520 minik avtomobillərinin istehsalı nəzərdə tutulub. Çin istehsalçısı Çində avtomobil istehsalı üzrə dördüncü yeri tutur.
Azərbaycan marketoloqlarının qiymətləndirmələrinə görə, ildə təxminən 1000-1300 avtomobil istehsal etmək nəzərdə tutulub. Lakin Çin mütəxəssislərinin fikrincə, bu göstərici yüksək ola bilər. Avtomobillərin qiyməti təxminən 9-10 min AZN təşkil edəcək.