...

İsrail səfirliyi qarşısındakı piketdə saxlanılan 9 nəfər islamçı sərbəst buraxılıb

Siyasət Materials 9 Avqust 2006 16:05 (UTC +04:00)

Avqustun 9-da İsrail səfirliyi qarşında piket keçirməyə cəhd göstərən Azərbaycan İslam Partiyasının 9 nəfər fəal üzvü saxlanılaraq 27-ci polis bölməsinə aparılıb. Bu barədə Trend ə İslam Partiyasının sədri Hacıağa Nuri məlumat verib.

Onun sözlərinə görə, saxlanılan piket iştirakçılarına polis bölməsində xəbərdarlıq edilib və sonra onlar sərbəst buraxılıblar. Hacıağa Nurinin sözlərinə görə, Bakının müxtəlif yerlərindən aksiyada iştirak etmək üçün gəlmək istəyənlər olub, lakin onlara maneçilik törədilib. H.Nuri qeyd edib ki, İslam Partiyası Azərbaycan Konstitusiyasında təsbit olunan hüquqlardan istifadə edərək bundan sonra da etiraz tədbirlərini davam etdirəcək: "Biz dünyadakı bütün təcavüzlərə, terrora, işğala etiraz edirik və bundan sonra da aksiyarımız qanun çərçivəsində olacaq. Qanundan kənar heç bir addım atmayacağıq. Konstitusiyada vətəndaşların sərbəst toplaşması üçün hansısa dövlət orqanından razılıq alması göstərilməyib. Konstitusiyada göstərildiyi kimi biz aksiyamızın vaxtını, yerini və məqsədini müvafiq quruma bildirmişik və öz konstitusion hüququmuzdan istifadə etmişik".

Partiya sədri qeyd edib ki, İslam Partiyası Nardaranda keçirilən etiraz aksiyalarını da dəstəkləyir: "Nardaran sakinlərinin keçirdiyi aksiyalarda da Ermənistanın, İsrailin təcavüzü, beynəlxalq təşkilatların laqeydliyi tənqid olunur. Harada işğala, terrora etiraz bildirilirsə, biz orada iştirak edib dəstək verməyə hazırıq"-deyə Hacıağa Nuri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti