Avqustun 16- da Batumidə iqtisadi əməkdaşlıq üzrə Gürcüstan-Azərbaycan hökümətlərarası komissiyasının üçüncü iclası başlanıb. İclas Gürcüstanın baş naziri Zurab Noqaideli və Azərbaycanın baş naziri Artur Rəsizadənin başçılığı altında keçirilir.
Çərşənbə günü Gürcüstan XİN-in mətbuat və informasiya departamenti tərəfindən yayılmış məlumatda qeyd olunub ki, iki gün davam edəcək komissiya iclasının işində Gürcüstanın xarici işlər nazirinin müavini Nikoloz Natbiladze iştirak edəcək.
Trend in verdiyi xəbərə görə, iclasda iki ölkə arasında ikitərəfli iqtisadi və humanitar əməkdaşlığın prioritetləri müəyyən olunacaq və aktual məsələlər, eləcə də iki ölkə arasında mövcud olan müqavilə-hüquqi bazanın yaxşılaşdırılması və təkmilləşdirilməsi məsələləri də gözdən keçiriləcək.
Komissiya çərçivəsində iki ölkənin işgüzar dairələri nümayəndələrinin biznes-forumu keçiriləcək və burada Gürcüstan və Azərbaycanın baş nazirləri iştirak edəcək.