...

Azərbaycan prezidenti BMT-nin Qaçqınlar üzrə Ali Komissarının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 17 Avqust 2006 16:10 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 17-də Prezident sarayında BMT-nin Qaçqınlar üzrə Ali komissarı Antonio Quterresin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Prezident Aparatının mətbuat xidmətindən məlumat verilib.

Görüşdə İlham Əliyev Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun nəticəsində bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsinin ölkəmiz üçün başlıca problem olduğunu bildirib. O, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan hökuməti tərəfindən zəruri tədbirlərin görüldüyünü və tezliklə bütün çadır düşərgələrinin ləğv olunacağını vurğulayıb. Prezident İlham Əliyev bu səfərin Azərbaycan ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasında əlaqələrin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Antonio Quterres Portuqaliyanın Baş naziri olan zaman ATƏT-in Lissabon şəhərində keçirilmiş sammitində ümummilli lider Heydər Əliyevlə görüşünü məmnunluqla xatırlayıb. Ötən il BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə daha böyük diqqət ayrılması barədə qərar qəbul etdiyini bildirən qonaq bu baxımdan ölkəmizə səfərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və ölkəmizlə rəhbərlik etdiyi qurum arasındakı əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini dilə gətirib.

Xəbər lenti

Xəbər lenti