ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Yerevan və Dağlıq Qarabağ səfərini tamamlayan kimi Sloveniyaya yola düşəcək. Bu barədə Trend ə A.Kaspşikin Bakıdakı ofisindən bildiriblər.
Xatırladaq ki, avqustun 27-28-də Lyublyanada "Xəzər-2008" beynəlxalq konfransı keçiriləcək. Konfransda Azərbaycan prezidenti İlham Əliyev, Sloveniyanın baş naziri Yanez Yanşa, ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxt, Gürcüstanın baş nazirinin müavini Georgi Baramidze, Ermənistanın xarici işlər naziri Vardan Oskanyan, Slovakiyann xarici işlər naziri və AB-nin Mərkəzi Asiya ölkələri üzrə keçmiş xüsusi nümayəndəsi Yan Kubiş,
Rusiya Federasiyasının xarici işlər nazirinin birinci müavini Andrey Denisov və başqaları da daxil olmaqla, görkəmli siyasi liderlərin və beynəlxalq ekspertlərin iştirak edəcəyi gözlənilir.
Azərbaycanın Avstriyadakı səfiri, ölkənin ATƏT-dəki nümayəndəsi Fuad İsmayılovun eksklüziv olaraq Trend ə verdiyi xəbərə görə, əgər konfransın gedişi zamanı tərəflər istəsələr, Azərbaycan prezidenti İlham Əliyevin ATƏT-in fəaliyyətdə olan sədri Karl de Quxt ilə görüşü baş tutacaq. Və görüşdə Azərbaycanın işğal altında olan ərazilərindəki yanğınla bağlı məsələnin müzakirə edilməsi mümkündür.
A.Kaspşik gələn həftə Bakıya qayıdacaq.