...

AXCP sentyabrın 7-də Apellyasiya Məhkəməsinə və Səbail rayon məhkəməsinə şikayət verəcək

Siyasət Materials 6 Sentyabr 2006 17:37 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sentyabrın 7-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə və Bakı şəhər Səbail rayon məhkəməsinə şikayət verəcək. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Partiya Apellyasiya Məhkəməsinə Mərkəzi Seçki Komissiyasından şikayət edəcək. Müraciətdə bələdiyyə seçkilərində iştirak edən namizədlər arasında 23 nəfər AXCP üzvünün olması barədə MSK-nın məlumatının həqiqət olmadığı bildirilərək bunun araşdırılması tələb ediləcək.

Səbail rayon məhkəməsinə təqdim olunacaq şikayət isə Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsindəndir. İdarənin AXCP sədri Əli Kərimliyə ümumvətəndaş pasportu verməməsinə etiraz bildiriləcək, bunun əsassız olmasına dair faktlar təqdim olunacaq.

Qeyd edək ki, müxalifəti təmsil edən AXCP-nin sədri Əli Kərimlinin ümumvətəndaş pasportunun müddəti bitdiyi üçün növbəti dəfə DİN-in müvafiq idarəsinə müraciətinə müsbət cavab verilməyib. Onun barəsində 1992-ci ildə cinayət işi açıldığı əsas gətirilərək pasport verilməsindən imtina olunub. Partiya sədri isə bu ittihamın əsassız olduğunu, 1992-ci ildən bəri üç dəfə pasport aldığını, həmin pasportlarla dəfələrlə xarici səfərlərdə olduğunu, iki dəfə millət vəkili seçildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti