Azərbaycan turizm nöqteyi-nəzərindən çox cəlbedici ölkədir. Trend in xəbər verdiyi kimi, bu barədə sentyabrın 11-də Bakıda İslam Konfransı Təşkilatı ölkələri turizm nazirlərinin 5-ci konfransının açılışında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
O bildirib ki, respublikada 9 iqlim qurşağı var və ölkə ərazisinin 800 km-dən çoxu sahilboyu zonada yerləşir. "Azərbaycanda turizmin inkişafı üçün hər cür şərait var, bu sahəyə böyük sərmayə qoyuluları nəzərdə tutulur. Bu gün infrastruktur, yollar, hava limanları tamamilə bərpa olunur. Hazırda Azərbaycanın qərb, cənub və şimal rayonlarında 3 beynəlxalq hava limanı yenidən qurulur", - deyə prezident bildirib. O qeyd edib ki, bu, turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
İlham Əliyev onu da bildirib ki, avtomobil yolları - həm magistral, həm də kənd yolları yenidən qurulur. Ən ucqar rayonlarda turizmin inkişafı məqsədilə yollar salınır, otellər tikilir.
Dövlət əlindən gələni etməyə çalışır. Bununla yanaşı, özəl sektor da turizm sahəsindən uğurla istifadə edir və onu inkişaf etdirir, - deyə İlham Əliyev qeyd edib.
Prezident Azərbaycanın turizm sahəsində fəal iştirak etmək təklifi ilə İKT ölkələrinin özəl və dövlət təşkilatlarının nümayəndələrinə müraciət edib. "İslam dünyası böyük qüvvədir və biz bu qüvvədən səmərəli istifadə etməliyik",- deyə dövlət başçısı bildirib. O vurğulayıb ki, İKT ölkələri əlaqələri (o cümlədən iqtisadi əlaqələri) möhkəmləndirməyə çalışmalıdır.