...

ADP-nin İdarə Heyətinin genişləndirilmiş toplantısı keçirilib

Siyasət Materials 11 Sentyabr 2006 18:43 (UTC +04:00)

Sentyabrın 11-də Azərbaycan Demokrat Partiyasının (ADP) İdarə Heyəti və Mərkəzi Aparatı əməkdaşlarının birgə iştirakı ilə genişləndirilmiş toplantısı keçirilib. Bu barədə Trend ə ADP-dən məlumat verilib.

Toplantıda təşkilati məsələlər, 24 sentyabr 2006-cı ildə keçiriləcək ümumrespublika müşavirəsinə hazırlıq məsələləri əsas müzakirə obyekti olub. Təşkilati məsələlərin müzakirəsi zamanı ADP-nin rayon təşkilatlarında mövcud durum təhlil edilib və bir sıra rayon təşkilatlarında zərurətdən irəli gələn təşkilati strukturların yenidən formalaşdırılması qərara alınıb.

İdarə Heyəti ADP sədrinin müavini Natiq Əfəndiyevin qeyri-qanuni həbsi ilə bağlı geniş müzakirələr aparıb və bu məsələ ilə bağlı partiyanın rəsmi mövqeyini əks etdirən bəyanat qəbul edib.

Toplantı iştirakçıları sentyabrın 24-də keçirilməsi nəzərdə tutulan ADP-nin ümumrespublika müşavirəsinə hazırlıq işlərini müzakirə edib. Ümumrespublika müşavirəsinin yüksək səviyyədə keçirilməsi üçün partiya funksionerlərinə konkret tapşırıqlar verilib. Toplantıda həmçinin ADP-nin təmsil olunduğu "Azadlıq" siyasi bloku tərkibində fəaliyyətinə dair məsələ müzakirə edilib. Blokun aktiv fəaliyyətinin təmin edilməsi üçün mövcud strukturlar arasında əlaqələrin və əməkdaşlığın gücləndirilməsinin vacib olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP "Azadlıq" siyasi blokunu təsis edən 4 partiyadan biridir.

Xəbər lenti

Xəbər lenti