...

Qafqaz Müsəlmanları İdarəsi Roma Papasından İslam aləminə üzrxahlıq bildirməsini tələb edir

Siyasət Materials 18 Sentyabr 2006 11:35 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi Roma Papasından İslam aləminə üzrxahlıq bildirməsini tələb edir

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Roma Papasından İslam aləminə üzrxahlıq bildirməsini tələb edir. Trend in verdiyi xəbərə görə, bu tələb QMİ-nin sentyabrın 18-də yaydığı bəyanatda öz əksini tapıb.

Bəyanatda bildirilir ki, Qafqaz, o cümlədən Azərbaycan müsəlmanları Roma Papası XII Benediktin müqəddəs İslam dininə, müsəlmanların əziz Peygəmbəri Həzrəti Məhəmməd Salavatullaha qarşı qərəzli iftiralar söyləməsi ilə bağlı bütün dünya müsəlmanlarının səsinə qoşularaq, öz narahatlıqlarını və etirazlarını bildirirlər.

QMİ Roma Katolik kilsəsi başçısının bəyanatını milyonlarla müsəlmanın heysiyyatına toxunan bir hal kimi dəyərləndirir və bunu qətiyyən yolverilməz sayır. QMİ hesab edir ki, səsləndirilmiş fikirlər son zamanlar Qərb dünyasında İslama qarşı yönəlmiş məqsədyönlü, qərəzli çıxışlar zəncirinin bir halqasıdır.

"Biz fəxrlə deyə bilərik ki, müqəddəs Qurani-Kərimdə İsa Peygəmbər(ə) və Müqəddəs Məryəm(ə) şəxsiyyətləri böyük ehtiramla zikr olunur. Dünyanın bir çox müsəlman ölkələrində, o cümlədən, tolerantlığı ilə tanınan Azərbaycanda katoliklərə hörmətlə yanaşılır, onların ibadətləri üçün şərait və imkanlar yaradılır. Təbii ki, müsəlmanlar da öz növbələrində başqa dinlərdən, onların liderlərindən, başçılarından qarşılıqlı hörmət və sayğı umurlar" - deyə bəyanatda qeyd olunur.

Bütün bunları nəzərə alaraq, Qafqaz müsəlmanları milyonlarla dünya müsəlmanlarının tələblərini dəstəkləyərək, Roma katolik kilsə başçısından səsləndirdiyi fikirlərə birmənalı aydınlıq gətirməsini və müsəlman dünyasına, İslam aləminə üzrxahlıq bildirməsini tələb edir.

Xəbər lenti

Xəbər lenti