...

ATƏT Azərbaycan hökumətinə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi barədə təkliflər təqdim edib

Siyasət Materials 19 Sentyabr 2006 15:14 (UTC +04:00)

Azərbaycan hökuməti "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun yerinə yetirilməsi ilə bağlı mövcud problemləri qəbul edir və bu sənədin təkmilləşdirilməsi üçün işləməyə hazırdır. Trend in xəbər verdiyi kimi, bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycanda sərbəst toplaşmaq azadlığı ilə bağlı Bakıda keçirilən konfransı şərh edərkən bildirib.

Ə. Həsənov bildirib ki, 2003-cü və 2005-ci illərdə hökumət ilə Azərbaycan müxalifəti arasında sərbəst toplaşmaq hüququ ilə bağlı bəzi problemlər müşahidə olunurdu. Şəhər icra hakimiyyəti qanundan irəli gələrək bəyan edirdi ki, müxalifətin toplaşmaq hüququ məhduddur.

"Bəzi hallarda dövlət maraqlarından irəli gələrək hətta qadağalar da qoyulurdu. Öz növbəsində, müxalifət Konstitusiya hüquqlarına söykənərək, mitinqləri istədikləri yerdə və istədikləri vaxtda keçirmək hüquqları olduqlarını bildirirdi. Bununla əlaqədar olaraq, həm Azərbaycan, həm də seçkilərin monitorinqini aparan beynəlxalq təşkilatlar bildirirdilər ki, ölkədə sərbəst toplaşmaq hüququ ilə bağlı problemlər mövcuddur", - deyə o söyləyib.

Prezidentin İcra Aparatının şöbə müdirinin sözlərinə görə, bütün bunlar təbii ki, beynəlxalq təşkilatların fikirlərinə mənfi təsir göstərib, eləcə də vətəndaş hüquqlarının pozulmasına səbəb olub. "Ona görə də hökumət bu qanunun təkmilləşdirilməsi üçün Avropa Şurasının Venesiya Komissiyasına müraciət edib", - deyə o vurğulayıb.

O qeyd edib ki, bugünkü müzakirələri ATƏT aparır. Hökumətə bəzi təkliflər təqdim olunub və onlar müzakirə olunacaqlar. Bundan sonra işçi qrupu təşkil olunacaq. İşçi qrupuna Azərbaycan hökumətinin nümayəndələri, beynəlxalq və yerli ekspertlər daxil olacaqlar. Onlar yeni təkliflər hazırlayıb Azərbaycan hökumətinə təqdim edəcəklər.

Ə. Həsənov həmçinin əlavə edib ki, bugünkü konfransdan sonra Avropa Şurası Venesiya Komissiyası yeni işçi qrupunun üzvlərinin iştirakı ilə daha bir görüş keçirəcək.

Xəbər lenti

Xəbər lenti