Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının 23 sentyabr 2006-cı il tarixdə keçirmək istədiyi yürüş-mitinqə izacə verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Qeyd edək ki, Müsavat Partiyası sentyabrın 23-də saat 16.00-dan 19.00-dək metronun "20 Yanvar" stansiyasından başlayaraq Həsən bəy Zərbadi küçəsindən keçməklə Dövlət Film Fondunun binası qarşısındakı meydanadək (keçmiş "Qələbə" kinoteatrı) yürüş-mitinq keçirməyi planlaşdırırdı. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış müraciətə sentyabrın 21-də cavab verilib. Bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkənin iqtisadiyyatının inkişafı, əmək haqlarının artırılması, ölkədə yoxsulluğun azaldılması və yeni iş yerlərinin açılmasına yönələn fərmanlar verib. Həmçinin torpaqlarımızın işğaldan azad olunması üçün dövlət başçısı beynəlxalq səviyyədə və ölkə daxilində iş aparır. Korrupsiyaya qarşı da hökumət səviyyəsində tədbirlər görülür. "Etirazınıza səbəb ola biləcək hər hansı qanunazdd hallar varsa, həmin qurumlara müraciət etməyiniz tövsiyə olunur"-deyə Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda bildirilib və yürüş-mitinşqin keçirilməsinin məqsədəuyğun olmadığı qeyd edilib.
Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası ölkədə korrupsiyaya, yoxsulluğa, işsizliyə, Qarabağ probleminin həll edilməməsinə, insan haqları və söz azadlığının pozulmasına etiraz olaraq, bu problemlərin həlli tələbləri ilə Bakıda yürüş-mitinq keçirmək niyyətində idi.