...

Nəsib Nəsibli: "Millət vəkili Aynur Quliyevanın Müsavat sıralarına bərpa edilməməsi prinsip məsələsidir"

Siyasət Materials 22 Sentyabr 2006 12:29 (UTC +04:00)

Müsavat Partiyasının sabiq üzvü, millət vəkili Aynur Quliyevanın partiya sıralarına bərpa edilməməsi prinsip məsələsidir. Bu barədə Trend ə müxalifətdəki Müsavat Partiyası Məclis sədrliyinə namizəd, millət vəkili Nəsib Nəsibli bildirib.

"Ola bilməz ki, Aynur Quliyevanı da Müsavatın üzvü kimi qəbul edib Milli Məclisdə Müsavat deputat qrupu üzvlərinin sayını artırasınız" sualımıza N.Nəsibli sualla cavab verib: "Müsavat deputat qrupunun 5 üzvü var, 6-cısı gələndə nə olacaq?" "Əgər bunun fərqinə varmırsınızsa, nəyə görə Aynur Quliyevanı sıralarınızdan kənarlaşdırırsınız" sualımıza isə millət vəkili belə cavab verib: "Məsələ hesabda deyil, prinsipdədir. Müsavat Partiyasının strateji xəttini müdafiə etməyən şəxsin aramızda yeri yoxdur".

Qeyd edək ki, Müsavat Partiyası millət vəkili Aynur Quliyevanın partiya sıralarına bərpası ilə bağlı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verib. Xatırladaq ki, Apellyasiya Məhkəməsi aprelin 26-da millət vəkili Aynur Quliyevanın Müsavat Partiyası sıralarına bərpa olunması ilə bağlı Binəqədi rayon məhkəməsinin çıxardığı qərardan Müsavat Partiyasının apellyasiya şikayətinə baxıb. Hakim Fərhad Kərimovun sədrliyi ilə keçən iclasda Binəqədi rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb. Mayın 26-da isə Apellyasiya Məhkəməsinin qərarı Müsavat Partiyası rəhbərliyinə daxil olub.

Onu da əlavə edək ki, millət vəkili A.Quliyeva Müsavat Partiyası sıralarından 2005-ci ildə parlamentə keçirilən seçkilərə müstəqil şəkildə qatıldığı üçün kənarlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti