Sentyabrın 27-də Bakıda sərhəd məsələləri üzrə beynəlxalq konfransın sərhəd xidmətləri rəhbərlərinin işçi qrupunun 2 günlük iclası öz işinə başlayıb. Trend məlumat verir ki, iclasın işində 16 ölkənin sərhəd xidmətlərinin nümayəndələri iştirak edib. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyev açaraq qonaqları salamlayıb. "Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsindən məmnunluq duyuruq və ümidvaram ki, 2 günlük iclas tam işgüzar şəraitdə keçəcək", - deyə o qeyd edib.
Daha sonra prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyev və xarici işlər nazirinin müavini Vaqif Sadıqov tədbir iştirakçılarının diqqətinə çatdırıblar ki, iclasın işində aparılacaq fikir mübadilələri sərhədlərin təhlükəsizliyinin mühafizəsində, qanunsuz nakotik vasitələrin və silah-sursatın daşınmasının, o cümlədən insan alverinin qarşısının alınmasında böyük rol oynayacaq.
Tədbirin qısa giriş hissəsindən sonra iştirakçılar Fəxri Xiyabanı ziyarət edib. Hazırda isə tədbir iştirakçıları prezidentin qəbulundadır. Nümayəndələr Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra iclasın davam etdirilməsi nəzərdə tutulub.