...

Nazir: 2008-ci ilə qədər Azərbaycanda kompüterlərin məktəblərə nisbəti 33/1 təşkil edəcək

Siyasət Materials 29 Sentyabr 2006 13:27 (UTC +04:00)
Nazir: 2008-ci ilə qədər Azərbaycanda kompüterlərin məktəblərə nisbəti 33/1 təşkil edəcək

Trend-i buradan izləyin

2008-ci ilə qədər Azərbaycanda kompüterlərin məktəblərə nisbəti 33/1 təşkil edəcək. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycan təhsil naziri Misir Mərdanov Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi 307 saylı məktəbdə təşkil olunmuş, İKT-nin təhsil sahəsində tətbiqinə həsr olunmuş Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə kollegiyada çıxış edərkən bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanda 1000 şagirdə bir kompüter düşürdü. Yalnız Bakıda məktəblərin cəmi 20%-i kompüterlərlə təchiz olunub. Azərbaycan prezidentinin sərəncamından sonra ölkədə geniş dövlət proqramı həyata keçirilməyə başlayıb. Proqram 2008-ci ilə qədər ölkənin ümumtəhsil məktəblərinin tam kompüterləşdirilməsini nəzərdə tutur. Nazir qeyd edib ki, bu proqram çərçivəsində 2005-ci ildə daha 218 məktəb kompüterlə təchiz olunub, bu ilin sonunadək isə 841 məktəbin kompüterləşdirilməsi planlaşdırılır. 435 məktəbə noutbuklar veriləcək.

Təhsil Nazirliyinin qarşısında bu məktəblərin proqram təminatı, həmçinin İKT üzrə ixtisaslı kadr hazırlığı məsələsi durur. Bu məsələ ilə bağlı Təhsil Nazirliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə sıx əməkdaşlıq etməyi planlaşdırır. Kollegiyada iştirak edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu təşəbbüsü dəstəkləyib. Onun sözlərinə görə, hazırda təxminən 400-500 məktəbdən yalnız 31-nin İnternetə çıxışı var. Nazirin sözlərinə görə, dünya şöhrətli İntel, Microsoft şirkətləri ilə birgə aşağı qiymətlərlə ucuz kompüterlərin və proqram təminatının əldə olunmasına dair 2 böyük layihənin həyata keçirilməsi planlaşdırılır. Nazir həmçinin qeyd edib ki, Rabitə Nazirliyi provayderlərə ölkə bölgələrində İnternetə çıxışı təmin edəcək pulsuz magistral xəttinin verilməsi üzrə bir sıra təkliflər hazırlayıb.

Xatırladaq ki, kollegiyanın keçirildiyi 307 saylı məktəb bu il tikilib və sentyabrın 15-də məktəbin açılışında prezident İlham Əliyev də iştirak edib.

Xəbər lenti

Xəbər lenti