Azərbaycanın milli təhlükəizlik naziri general-leytenant Eldar Mahmudov Minskdə keçirilmiş MDB dövlətləri təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərlərinin növbəti müşavirəsində iştirak edib. Bu barədə Trend ə MTN İctimai Əlaqələr Mərkəzindən məlumat verilib.
Tədbirdə son zamanlar informasiya qarşıdurmasının güclənməsi ilə bağlı MDB dövlətləri informasiya məkanının təhlükəsizliyinin qorunması məsələləri müzakirə olunub.
Eldar Mahmudov terrorçuluq, separatçılıq və ekstremizmlə mübarizə sahəsində informasiya mücadiləsinin aspektləri mövzusunda çıxış edib. Nazir müasir dövrdə geniş informasiya imkanlarından bəhrələnən cinayətkarlar tərəfindən düşünülmüş təbliğat-təşviqat, kiberterrorçuluq hücumlarının dövlətlərin təhlükəsizliyinə ciddi təhdid yaratdığını vurğulayıb. Nazir bunun qarşısını almaq üçün məqsədyönlü təbliğat və informasiya mübarizəsinin təşkil olunmasının vacibliyini qeyd edib.
E.Mahmudov həmçinin regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında xarici tərəfdaşların köməyini yüksək qiymətləndirdiyini vurğulayıb.