...

Polad Bülbüloğlu: Azərbaycan Rusiyanın 79 bölgəsi ilə birbaşa ticarət əlaqələri saxlayır

Siyasət Materials 5 Oktyabr 2006 15:29 (UTC +04:00)
Polad Bülbüloğlu: Azərbaycan Rusiyanın 79 bölgəsi ilə birbaşa ticarət əlaqələri saxlayır

Azərbaycan şirkətləri Rusiya bazarında fəal işləyir və bu ölkənin 79 bölgəsi ilə birbaşa ticarət əlaqələri saxlayır. Trend in xəbər verdiyi kimi, bu barədə "RİA Novosti"yə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı rəsmi səfərləri, "Rusiyada Azərbaycan ili"nin keçirilməsi və başa çatmaqda olan "Azərbaycanda Rusiya ili"ndən sonra siyasətçilərin dilindən daha tez-tez "strateji tərəfdaş" sözləri səslənməyə başlayıb. Buna yüksələn xətlə inkişaf edən iqtisadi əlaqələr də əsas verir. "Ölkələrimiz arasında ticarət dövriyyəsi 1 mlrd. ABŞ dollarını ötüb və artmaqda davam edir. Azərbaycanda 300-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir", - deyə səfir bildirib.

GUAM-ın fəaliyyəti ilə bağlı sualı cavablandıran diplomat qeyd edib ki, GUAM üçüncü ölkəyə qarşı və ya hansısa birliyə, xüsusən də MDB-yə qarşı yönəldilməyib. "GUAM üzvlərinin BMT-də təşəbbüslə çıxış etməsi və bunun bəzi Rusiya siyasətçilərinin heç də xoşuna gəlməməsi... Burada nə var ki? Bu gün BMT dünya ictimaiyyətinin başlıca tribunasıdır. Bizim məqsədimiz uzunmüddətli münaqişələrin nəticələri barədə məlumatı BMT-yə üzv olan bütün ölkələrin diqqətinə çatdırmaqdır. Və əgər ATƏT bu neçə il ərzində Qarabağ problemini həll edə bilmirsə, nəyə görə bu məsələ BMT-də müzakirə olunmasın? Burada pis bir şey yoxdur. Dünya ictimaiyyəti bu problemləri bilməli və onların həllinə yardım etməlidir", - deyə o bildirib.

Rusiya-Gürcüstan münasibətlərinə toxunan P. Bülbüloğlu vəziyyətin mütləq sabitləşəcəyinə ümidvar olduğunu bildirib. "Ümid edirəm ki, həm Rusiya, həm də Gürcüstanda bu vəziyyəti nizamlayacaq sağlam düşüncəli qüvvələr var. Belə ki, hər şeydən öncə bu, Gürcüstan və Rusiya arasında ikitərəfli münasibətlər problemidir. Hazırda yarım milyon soydaşının Gürcüstanda yaşadığı Azərbaycanın da bu zaman maraqları nəzərə alınmalıdır. Və biz, sizin indi dediyiniz kimi, GUAM-ın üzvləriyik, Gürcüstan ərazisindən iki boru kəməri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərləri keçir. Əlbəttə, bu vəziyyət bizi narahat edir. Əlbəttə, biz çox narahatıq, amma bu, suveren Gürcüstanın seçimidir", - deyə səfir bildirib.

Xəbər lenti

Xəbər lenti