Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 9-da MDB ölkələri Mədəni Əməkdaşlıq Şurası 21-ci iclasının iştirakçılarını qəbul edib. Trend xəbər verir ki. prezident iclasın uğurlu keçməsini Bakıda belə tədbirlərin tez-tez təşkil olunması ilə əlaqələndirib.
Prezident qeyd edib ki, Azərbaycanda MDB-nin müxtəlif strukturlarının mötəbər tədbirləri həmişə yüksək səviyyədə keçir. Dövlət başçısı bildirib ki, Azərbaycanda Rusiya ilinin tədbirlər planına uyğun olaraq, belə tədbirlər intensiv xarakter alıb. Belə ki, son vaxtlar Rusiya Elmlər Akademiyasının alimləri, hökumət üzvləri, yaradıcı kollektivlər Azərbaycanın qonağı olublar.
Prezident İlham Əliyev deyib ki, MDB çərçivəsində bütün humanitar tədbirlərdə fəal iştirak edirik və ümidvaram ki, həm Mədəni Əməkdaşlıq Şurası iclasının qəbul edəcəyi qərarlar, həm də iştirakçıların ölkəmizlə yaxından tanış olmaları baxımından bu tədbir də faydalı olacaqdır.
Görüş iştirakçıları Şura iclasının yüksək səviyyədə təşkilindən razılıqlarını ifadə ediblər.