Noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev Brüsselə səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 9-da mətbuat konfransında NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Robert Simmons məlumat verib. Səfər zamanı dövlət başçısı NATO-nun mənzil qərargahında olacaq və NATO baş katibi ilə görüşəcək, təşkilatın müxtəlif strukturlarına baş çəkəcək.
R. Simmons bildirib ki, Bakıda olduğu zaman o, Azərbaycan prezidenti, xarici işlər, müdafiə, milli təhlükəsizlik nazirləri, eləcə də xarici işlər nazirinin müavini Araz Əzimovla danışıqlar aparıb. Səfərdə məqsəd Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planının həyata keçirilməsi ilə tanış olmaqdır. Plana əsasən, müvafiq görüş 2007-ci ilin yazında keçiriləcək.
Xüsusi nümayəndə bildirib ki, Azərbaycanla NATO arasında əməkdaşlıq fəaliyyət planında öz əksini tapıb və əsasən, hərbi sahədəki islahatlara aiddir. Azərbaycan Müdafiə Nazirliyinin dolğun hərbi islahatlar üzrə addığı ilk addımlar məni xüsusilə sevindirdi, - deyə o əlavə edib. Bununla yanaşı, o, qeyd edib ki, xüsusi ilə, terrorizmlə mübarizə, energetika sahəsində təhlükələrə qarşı tədbirlər sahəsində hökumət koordinasiyası üçün qarşıda hələ çox işlər dayanır.
R. Simmons bildirib ki, Bakıya səfəri zamanı o, yüksək vəzifəli məmurlarla Cənubi Qafqaz regionundakı vəziyyətə dair məsləhətləşmələr aparmaq imkanı əldə edib. O, əlavə edib ki, NATO bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır.