...

Azərbaycanlı alimlərdə fransızların ASALA ilə əlaqələri barədə faktlar var

Siyasət Materials 13 Oktyabr 2006 18:48 (UTC +04:00)
Azərbaycanlı alimlərdə fransızların ASALA ilə əlaqələri barədə faktlar var

"1982-ci ildə fransızlar ASALA - Ermənistan Azadlıq Erməni Məxfi Ordusu ilə saziş imzalayıblar". Trend in xəbər verdiyi kimi, bunu Fransa Milli Assambleyasının "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasına dair qanunu qəbul etməsi ilə bağlı oktyabrın 13-də keçirilən brifinqdə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun direktoru Rövşən Mustafayev 1986-ci il 28 oktyabr tarixli "Vaşinqton post" qəzetinə istinadən bəyan edib.

"Vaşinqton post", "Armenian reportyor", "Le Matin" qəzetlərində dərc olunmuş yazılara, eləcə də ABŞ-ın Nümayəndələr Palatasının stenoqramına əsaslanaraq politoloq erməni terror təşkilatının dünyanın bir çox ölkələrində mövcud əlaqələri barədə faktlar gətirib. Onun sözlərinə görə, hələ 1982-ci ildə ABŞ-ın eks-prezidenti Ronald Reyqan sivil cəmiyyətdə bu cür vəhşi və qeyri-insani hərəkətləri yox etmək üçün ASALA ilə mübarizənin əlaqələndirilməsinin vacibliyindən danışıb.

R. Mustafayevin sözlərinə görə, erməni lobbisinin ayrı-ayrı nümayəndələrinin Fransa prezidenti Jak Şiraka həddindən artıq təsiri, eləcə də fransızlar və ASALA arasında sazişin bağlanması səbəbləri bu gün Azərbaycan ictimaiyyətində maraq doğurur. Politoloq, xüsusi olaraq, Fransa Milli Assambleyasında "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun qəbul edilməsinin təşəbbüskarlarından biri, vəkil və Antonii şəhərinin (Fransa) meri Patrik Devecyanla Fransa prezidenti arasında mövcud olan yaxın münasibətləri vurğulayıb. Bütün həyatını ASALA üzvlərinin hüquq və maraqlarının müdafiəsinə həsr edən Patrik Devecyan həm də Jak Şirakın ailə vəkilidir - deyə R. Mustafayev qeyd edib.

İnstitut direktorunun məlumatına əsasən, öz bəyanatlarında Patrik Devecyan təkcə "ermənilərin onların halına yanan bir ölkədə - Fransada mübarizə aparmağa haqları olduğunu" qeyd etməyib. R. Mustafayev daha bir maraqlı bir misal gətirib. O qeyd edib ki, "Uikli" qəzetinə əsasən, Fransada ermənilər əmindirlər ki, "Şirak" soy adı "Şirakyan" soy adından götürülüb. Bu soy adını daşıyanlardan biri - erməni terroristi Arşavir Şirakyan hələ 1921-ci ildə Romada bir sıra cinayətlər, o cümlədən Türkiyənin keçmiş xarici işlər naziri Səid Həlim Paşanı qətlə yetirib.

"Fransa İnsan Haqları üzrə Avropa Konvensiyasının söz və fikir azadlığı haqqında 10-cu maddəsini pozub. Azərbaycan Respublikası vətəndaşları həmin konvesiyanın 34-cü maddəsinə əsasən Fransanı Avropa Məhkəməsinə vermək hüququna malikdirlər", - deyə AMEA İnsan Haqları İnstitutunun direktoru bəyan edib.

Xəbər lenti

Xəbər lenti