...

NATO-da Cənubi Qafqaz ölkələri ilə bağlı məruzə yenidən işləniləcək

Siyasət Materials 16 Oktyabr 2006 18:25 (UTC +04:00)

Oktyabrın 16-da NATO Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komitəsinin gələcək təhlükəsizlik və müdafiə imkanları alt komitəsinin sədri Iahid Ərdəmin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

S.Seyidov bildirib ki, Azərbaycan sürətlə Avropaya, Avratlantik məkana inteqrasiya edir: "Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri və Milli Məclisin payız sessiyasının açılşında bəyan etdiyi kimi, biz öz seçimimizi etmişik. Avropaya inteqrasiya, Avropa ailəsinə daxil olmaq bizim xarici siyasətimizin əsas istiqamətlərindən biridir. NATO ilə də əlaqələrimiz inkişaf edir və bunda çox maraqlıyıq".

Daimi komissiyanın sədri qeyd edib ki, NATO-da Cənubi Qafqaz ölkələri ilə bağlı məruzə hazırlanır və onda bir sıra qeyri-dəqiq məlumatlar vardır. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi və bu işğal nəticəsində 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olması faktları sənəddə düzgün əks olunmalıdır. Bu faktlar BMT Təhlükəsizlik Şurasının qətnamələrində, Avropa Şurasının, eləcə də ATƏT-in özünün sənədlərində əksini tapmışdır. Ümid edirik ki, səfərdən sonra sənəd üzərində ciddi dəyişikliklər ediləcəkdir.

Nümayəndə heyətinin rəhbəri Iahid Ərdəm bildirib ki, səfərdən məqsəd həm də sadalanan faktlarla bağlı ətraflı məlumat toplamaqdır. Məruzədə bir sıra yanlışlıqların olduğu məlumdur. Səfərdən sonra biz sənəd üzərində bir daha işləyəcək və qeyri-dəqiqlik aradan qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti