"Biz ümidvarıq ki, Ermənistan-Azərbaycan münaqişəsi dinc yolla həllini tapacaq. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqının iradəsi və dövlət rəhbərliyinin qərarı ilə torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi istiqamətində öz qəti sözünü deyəcək". Trend in məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev oktyabrın 16-da NATO Parlament Assambleyası Təhlükəsizlik və Gələcək Müdafiə Məsələləri üzrə Ali Komitəsinin sədri Vahid Ərdəm və nümayəndə heyəti ilə görüşündə bildirib.
Müdafiə naziri qeyd edib ki, Azərbaycan NATO ilə 1994-cü ildən Sülh Naminə Tərəfdaşlıq proqramı çərçivəsində əməkdaşlığa başlayıb, 2004-cü ildən "Fərdi Tərəfdaşlıq fəaliyyət planı" əsasında əməkdaşlıq davam etdirilib. S.Əbiyev qonaqları Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin başlanması və nəticələri barədə də məlumatlandırıb.
S.Əbiyev bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində külli miqdarda uçotsuz və nəzarətsiz silah-sursatın yerləşdirilməsi regiondakı iri iqtisadi layihələrin həyata keçirilməsi üçün böyük təhlükədir: "Biz ümidvarıq ki, bu münaqişə dinc yolla həllini tapacaq. Əgər sülh danışıqları nəticə verməsə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqının iradəsi və dövlət rəhbərliyinin qərarı ilə torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi istiqamətində öz qəti sözünü deyəcək"-müdafiə naziri vurğulayıb.
Vahid Ərdəm münaqişənin dinc vasitələrlə həllini tapacağına ümidvar oldubğunu deyib. O, Azərbaycan Silahlı Qüvvələrinin strukturu, ona ayrılan büdcə və NATO strukturları ilə əməkdaşlığın xarakteri ilə maraqlanıb. V.Ərdəm bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin NATO-nun keçirdiyi sülhməramlı əməliyyatlarda iştirak etməsi, Azərbaycanın NATO ilə əlaqələrinin düzgün qurulmasına əyani sübutdur.