Polşa senatının spikeri Boqdan Boruseviçin Azərbaycana ilkin səfər proqramı hazırlanıb. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Spikerin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya noyabrın 7-də axşam gələcək.
Səfərin rəsmi hissəsi noyabrın 8-də Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyrətindən başlanacaq. Daha sonra Milli Məclisin sədri Oqtay Əsədovla görüş keçiriləcək. Günün II yarısında B.Boruseviç Abu-Arenada I Polşa milli sərgisinin açılış mərasimində iştirak edəcək. Elə həmin gün spiker Azərbaycanın baş naziri Artur Rəsizadə ilə görüşməyi planlaşdırır.
Noyabrın 9-da Senat sədri polşalı memarın məzarını ziyarət edəcək, ölkənin İqtisadi İnkişaf Nazirliyində görüş keçirəcək, Bakı Slavyan Universitetində Polyak dili və mədəniyyəti mərkəzini açacaq, o cümlədən Səngəçal terminalına baş çəkəcək. Noyabrın 10-da nümayəndə heyəti Heydər Əliyev Fondunda olacaq, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.