Bu gün Bakıda BP Azərbaycandakı tərəfdaşları adından və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda özəl sektorun inkişafına birgə dəstək vermək üçün əməkdaşlıq haqqında saziş imzalayıb. Bu barədə Trend xəbər verir. Sazişin məqsədi kiçik və orta biznes müəssisələri, eləcə də mikro-müəssisələr də daxil olmaqla, yerli müəssisələr üçün kommersiya maliyyələşdirilməsinə şəffaf və səmərəli çıxış yaratmaqdır.
Bu sazişə əsasən, BP və onun tərəfdaşları 5,25 mln. ABŞ dolları ayırır, AYİB isə əməliyyatlara ən azı BP və tərəfdaşlarının ayırdıqları vəsait məbləğində vəsait ayıraraq birgə maliyyələşdirmə həyata keçirəcək.
Maliyyələşdirmə 2006-cı ilin dördüncü rübündən başlayacaq üç illik proqram üçün nəzərdə tutulub və yerli biznes və müəssisələrə borc vermək və texniki yardım göstərmək üçün istifadə olunacaq.
Proqram bir sıra yerli maliyyə təşkilatları ilə ayrıca sazişlər vasitəsilə AYİB tərəfindən həyata keçiriləcək. Proqramın həyata keçirilməsi üçün vasitə artıq AYİB tərəfindən yaradılmış keçid dövrünün başlanğıcında ölkələrin mikromaliyyələşdirilməsi sxemi, Azərbaycanın kiçik və orta biznes müəssisələrinin və mikro-müəssisələrin maliyyələşdirilməsi sxemi və son borc alanın kreditləşdirilməsi fondu və texniki əməkdaşlıq fondlarının etibarlı qeyri-bank mikromaliyyələşdirmə kommersiya təşkilatlarına və özəl banklara verilməsidir. Təşkilat növləri və AYİB-in tələblərinə cavab verən yerli kiçik və orta biznes müəssisələri AYİB və yerli maliyyələşdirmə təşkilatlarının meyarları əsasında seçiləcək.
"Bu mühüm birgə proqram xüsusi olaraq Azərbaycanda özəl sahibkarlığın daha geniş inkişafı üçün nəzərdə tutulub. Özəl sahibkarlığın güclü və şəffaf sektoru böyük gəlir axınını daha səmərəli idarə etməyə imkan verəcək sağlam iqtisadiyyatın yaradılması üçün əsas vasitədir", deyə - BP -Azərbaycan şirkətinin prezidenti Bill Şreyder bildirib.
"Biz əminik ki, bu layihə yerli müəssisələr üçün şəffaf maliyyə imkanlarını genişləndirməkdən əlavə, həm də BP kimi xarici sərmayəçilərin müraciət edə biləcəkləri və onların dəstəyi ilə daha çox inkişaf edə biləcək yerli tədarükçülərin daha böyük sayda və daha müxtəlif bazasının yaranmasına səbəb olacaq", - deyə o qeyd edib.
BP öz tərəfdaşları ilə birlikdə bölgədə dünya səviyyəli neft-qaz işlənməsi və ixrac layihələrini həyata keçirir. Bu layihələr Azərbaycan, Gürcüstan və Türkiyə xalqlarının yaşam səviyyəsinin yaxşılaşdırılması üçün geniş imkanlar verir. Buna nail olmaq üçün göstərdikləri səylərin bir hissəsi kimi, BP və tərəfdaşları öz qarşılarına Azərbaycanın yerli şirkətləri vasitəsilə həyata keçirilən müqavilələrin dəyərini beş il ərzində ikiqat artırmaq kimi böyük bir məqsəd qoyub.
2010-cu ilə qədər BP və onun tərəfdaşları yerli şirkətlər üçün ümumi xərcləri ildə 500 milyon dollardan artıq bir məbləğə çatdırmağı planlaşdırırlar. Azərbaycan, Gürcüstan və Türkiyədə sahibkarlığın inkişafını təşviq etmək məqsədi daşıyan bu plan həmin ölkələrin iqtisadiyyatlarının çox sahəliliyini genişləndirmələrinə, eləcə də yerli biznes fəaliyyətlərinin dəstəklənməsində yeni yanaşmanın yaradılması və şəffaflığın təmin olunmasına kömək göstərəcək.
Bundan əlavə, BP və onun tərəfdaşları regional inkişaf və əhali ilə bağlı layihələrə ildə təxminən 25 mln. ABŞ dolları məbləğində sərmayə qoymaq öhdəliyini götürüb. Bura Azərbaycan, Gürcüstan və Türkiyədə davamlı sosial-iqtisadi inkişafın uzunmüddətli dəstəklənməsi üçün nəzərdə tutulmuş yeni mexanizm olan Regional İnkişaf Təşəbbüsü daxildir.
Bu təşəbbüs milli və beynəlxalq inkişaf məsələlərini həll etməyə yardım etməlidir və bunun üçün BP və onun tərəfdaşlarının təcrübə, bilik və ehtiyatları inkişaf problemləri ilə məşğul olan təşkilatların təcrübəsi ilə birləşdiriləcək.
2006-cı ildə Azərbaycanda bu regional inkişaf və ictimai proqramlar üç əsas sahəyə yönəldiləcək:
- İctimai sərmayə - bu sərmayə BP-nin həyata keçirdiyi layihələrin yaxınlığındakı əhaliyə yönəlib və insanların həyatında nəzərəçarpacaq dəyişikliklər etməklə uzunmüddətli sosial və iqtisadi inkişafa kömək etmək məqsədi daşıyır (məsələn, iqtisadi inkişaf, səhiyyə, təhsil, infrastrukturun bərpası).
- Sahibkarlığın inkişafı - yerli biznesin səriştə və qabiliyyətlərinin yaradılmasına yönəlib. Buna texniki yardım, şəffaf maliyyələşmə imkanı, səriştə və qabiliyyətlərin yaradılması, biznes etikası və korporativ idarəetmə üzrə təlimlər vasitəsilə kiçik və orta müəssisələrə kömək daxildir.
- Səmərəli idarəetmə - əsas diqqət gəlirlərin idarə olunmasına yönəlməklə səriştə və qabiliyyətlərin yaradılması və şəffaflığa dəstək məqsədi daşıyır.