...

Deputat Mixail Zabelin: Əhalinin rus hissəsinin nümayəndələri Rusiyaya köçmək istəyi ilə Azərbaycanın Rusiya icmasına müraciət etməyib

Siyasət Materials 16 Noyabr 2006 10:17 (UTC +04:00)

Əhalinin rus hissəsinin nümayəndələri Rusiyaya köçmək istəyi ilə Azərbaycanın Rusiya icmasına müraciət etməyiblər. Bu barədə Moskvada Trend in xüsusi müxbirinə verdiyi müsahibəsində Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycanın Rusiya icmasının sədri Mixail Zabelin məlumat verib.

O bildirib ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin həmyerlilərinin dəstəklənməsi və könüllü şəkildə Rusiyaya köçürülməsi haqqında fərman imzalayıb. "Mən bilmirəm ki, Azərbaycanda yaşayan ruslar bu fərmana hansı reaksiyanı verəcəklər, lakin hələ heç kim Rusiyaya köçmək haqqında mənə müraciət etməyib", - deyə M.Zabelin bildirib.

"Prinsip etibarilə, hazırda ruslar Azərbaycanda özlərini kifayət qədər rahat hiss edirlər. Azərbaycan qanunvericiliyində ölkə ərazisində yaşayan rus və ya digər xalqların hüququnu məhdudlaşdıran heç bir maddə yoxdur. Rus dili mövcuddur, bu dil lüğət və ünsiyyətdən çıxarılmayıb. Rusların buradan getməsi üçün heç bir səbəb yoxdur", - deyə M.Zabelin qeyd edib və əlavə edib ki, əgər Gürcüstanda 4-5 min, Ermənistanda təxminən 6 min rus yaşayırsa, Azərbaycanda onların sayı 170 minə çatır. "Bu rəqəm onu göstərir ki, ruslar Azərbaycanda möhkəmləniblər və getmək istəmirlər. Azərbaycanda 170 min rus - Rusiyanın Cənubi Qafqazdakı dayağıdır və rusların ölkəni tərk etməmələrinin sübutudur", - deyə o qeyd edib.

Rusiya icmasının başçısı həmçinin bildirib ki, indi Azərbaycanda əvvəlkindən on dəfə çox rusdilli KİV buraxılır. "Azərbaycanda rus dilində təhsil verən məktəblər bağlanmır. Hər bir məktəbdə rus dilində tədris fənlərini öyrədən şöbə var. Ali məktəblərdə vəziyyət eynidir. Bizdə 2 pravoslav kilsə var idi. İndi Bakı şəhərində üçüncü "Müqəddəs sülhdaşıyan qadınlar" kilsəsi yenidən qurulub. Həm də tikinti işləri üçün pulları Moskvada yaşayan azərbaycanlı ayırıb", - deyə o əlavə edib.

M.Zabelin vurğulayıb ki, Azərbaycanın hökümət orqanlarına müraciət edildikdə onlar hər zaman köməklik göstərirlər. "Azərbaycan höküməti Prezidentin sərəncamı ilə bizə vəsait ayırıb, rus icmasının II qurultayının keçirilməsinə və bu təşkilatın onilliyinin qeyd olunmasına təşkilati dəstək göstəriblər. Bu planda biz hər zaman Azərbaycan respublikasının höküməti tərəfindən diqqət və dəstək əldə edirik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti