Azərbaycan ərazisində erməni dövləti yaratmaq nonsensdir və Azərbaycan buna imkan verməyəcək. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri, Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov məlumat verib.
"NATO 26 dövlətdən ibarətdir və həmin ölkələrin əksəriyyəti Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. NATO-nun baş katibi Yaap De Xoop Sxeffer 52-ci payız sessiyasnıda iştirak etməsə də, Brüsseldən iclasla canlı bağlantıya qoşulmuşdu. O da, çıxış edən digər əksər dövlətlərin nümayəndələri də çıxışlarında onu xüsusi vurğuladılar ki, bu gün sərhədlərin dəyişdirilməsi dünyanı fəlakətə gətirib çıxara bilər. Hər hansı etnik qurum hər hansı dövlətin içərisində öz dövlət müstəqilliyini elan etsə, görün, nə vəziyyət yarana bilər. Ermənistanın himayəsi ilə Qarabağda yaşayan ermənilər belə fikir söyləyirlər ki, guya onlar öz müqəddəratlarını təyin etmək hüququndan istifadə edirlər. Ancaq ermənilər artıq öz müqəddəratlarını təyin ediblər və öz dövlətlərini yaradıblar. Azərbaycan ərazisində onların ikinci dövlətlərini yaratmaq niyyətləri isə yolverilməzdir" - deyə Z.Əsgərov söyləyib.