...

Nuşirəvan Məhərrəmli: "Bu dəfə qanunlara 90-cı illərin eyforiyalı ab-havası ilə yanaşmaq keçməyəcək"

Siyasət Materials 25 Noyabr 2006 14:21 (UTC +04:00)
Nuşirəvan Məhərrəmli: "Bu dəfə qanunlara 90-cı illərin eyforiyalı ab-havası ilə yanaşmaq keçməyəcək"

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend Agentliyinə müsahibə verib

- Nuşirəvan müəllim, ANS-in yayımının dayandırılmasından sonra şirkətin rəhbərliyi bildirib ki, Teleradio Şurası onlara 9 dəfə xəbərdarlıq edib, iki cəriməni isə ödəyiblər.

- Xeyr, Teleradio Şurası tərəfindən ANS-ə 11 dəfə sanksiya verilib - 9-u xəbərdarlıq, ikisi cərimə. Sentyabrın 20-də və noyabırn 17-də Xətai rayon məhkəməsi ANS-in bununla bağlı iddiasına baxıb və təmin etməyib. Onlar da bildiriblər ki, bu qərardan apellyasiya şikayəti verəcəklər. Yəni, məsələ bu yerdədir. ANS cəriməni ödəmiş olsaydı, bu barədə qəbzini 4 gün ərzində bizə təqdim etməli idi.

- Yayım dayandırıldığına görə bundan sonra həmin cəriməni ödəməlidirlər, qərar yoxsa qüvvədən düşmüş sayılır?

- İndən belə də olsa, onlar cəriməni ödəməlidirlər. Bu ölkə qanunla idarə olunur. Bu kanalda işləyən adamlar belə məsələlərə qeyri-ciddi yanaşırdılar. Hətta xəbərdarlıqlara əhəmiyyət vermirdilər. Fikirləşirdilər ki, yəni, boş bir şeydir xəbərdarlıq. ANS özü futbol oyunlarını göstərirdi, oyunda bir dəfə xəbərdarlıq edilir, ikinci dəfə xəbərdarlıq alanda artıq oyunçu oyundan çıxarılır. Bu kanala 9 dəfə xəbərdarlıq edilib. Qanunda da göstərilib ki, əgər bir telekanal dəfələrlə xəbərdarlıq alırsa, Teleradio Şurasının onun lisenziya müddətini uzatmamaq səlahiyyəti var.
Xəbədarlıqların ikisi Şəkidəki radio ilə bağlı olub. Teleradio Şurası tərəfindən ANS televiziyasının lisenziya müddətinin uzadılması məsələsinə baxılanda məhz bu məsələ ağırlaşdırıcı hal kimi nəzərə alınıb. Hətta iki dəfə xəbərdarlıqda bu sözləri də yazmışdıq. Lakin onların Şəkidəki hərəkətləri heç bir quruma, telekanala yaraşmayan hərəkət idi ki, Teleradio Şurasının xəbəri olmadan, müraciətimizə cavab vermədən özəl radiostansiya açdılar və bir ay ərzində bizə qaşı çirkin təbliğat apardılar. Belə olan halda hansı münasibətdən danışmaq olar? Çox təəssüf ki, onlar qanundan, demokratiyadan, vətənpərvərlikdən danışırlar, ancan qanunların, demokratiyanın, vətənpərvərliyin nə olduğunu bilmirlər.
ANS-in "BBS" və "Azadlıq" radiostansiyaları ilə bağladığı müqavilələrə baxın. Yazılır ki, "BBS" ilə bu müqavilələr Britaniya qanunvericiliyi əsasında hazırlanır və yalnız Britaniya məhkəmələri tərəfindən buna baxıla bilər. "Azadlıq" radiostansiyası ilə müqavilə Amerika məhkəmələrində baxıla bilər. Halbuki onlar burada, Azərbaycanda fəaliyyət göstərirlər. Mən belə məsələlərə heç vaxt sərt yanaşmamışam, ancaq təəssüf ki, qarşı tərəf həmişə populist eyforiyadaan çıxış edib, qanunların dili ilə danışmayıb.

- Qarşı tərəf onu da iddia edir ki, sizin xəbərdarlıqlarınızdan sonra seçki kampaniyası dövründəki pozuntuları, həmçinin Şəkidə açılan radiostansiya ilə bağlı iradları nəzərə alıblar.

- Şəki radiosu ilə bağlı məsələ bir ay ərzində - sentyabrın 1-dən 30-dək davam etdi. Bu qeyri-qanuni fəaliyyəti biz yalnız oktyabrın 1-də dayandıra bildik. Sonra bizi məhkəməyə verdilər, məhkəmədə baxılmasına bir gün qalmış iddialarını geri götürdülər. Öz telekanalları vasitəsilə bizə qarşı təbliğat apardılar, Şəkidə mitinq təşkil etdilər, "Teleradio Şurasına ar olsun" kimi şüarlar səsləndirdilər. Belə hərəkətlərdən sonra Teleradio Şurası ilə ANS arasında hansı münasibət ola bilərdi?
Elə fikirləşirdilər ki, belə sözlər deyib, aranı qatmaqla məsələ həll olunur. Dövlət idarəetməsində bu cür yanaşmalar yoxdur. Hər şeyi 90-cı illərin ab-havası ilə ölçürdülər. Ancaq qanunlara 90-cı illərin eyforiyalı ab-havası ilə yanaşmaq bu dəfə keçməyəcək. Biz artıq yeni bir mərhələyə qədəm qoyuruq.

- Xarici radiostansiyaların verilişlərini öz dalğasında yayımlamaqla telekanal onlardan haqq alırdımı və buna görə dövlətə vergi ödəyirdimi?

- Bu məsələ dövlətçilik baxımından çox ciddi məsələdir. ANS burada özü üçün ucuz bir şou yaratdı. Guya Azərbaycanda xarici radiostansiyalar bağlanılıb. Amma əslində məsələ tamamilə başqa cürdür. Xarici radiostansiyalar indi də Azərbaycanda fəaliyyət göstərirlər. 2007-ci ildə də fəaliyyət göstərəcəklər. "BBS" radiosu 24 saat ərzində Azərbaycanda yayımlanır, bundan əlavə təzminən 2 saata yaxın ANS-də və digər teleradio kanalı vasitəsilə efirə çıxırdılar. Deməli, 24 saat öz dalğasında, 2 saat isə əlavə olaraq başqa dalğalarda yayım edirdilər. Biz başqa kanallarda icazəsiz yayımı dayandırırıq, bu o demək deyil ki, xarici radiostansiyaların fəaliyyəti dayandırılır. İkincisi, Azərbaycanda belə işlər dövlət məsələsidir. Bu adamların məntiqindən belə çıxır ki, Azərbaycanın hər hansı bir kanalı istənilən xarici ölkənin telekanalı, radiostansiyası ilə müqavilə bağlayıb istənilən qədər yayım apara bilər. Həmçinin də əksinə. Məsələn, sabah İranın hər hansı telekanalı gəlib bizim kanallar vasitəsilə öz verilişlərini yayımını apara bilər. Bu cür düşünən adamlarla hansı söhbətlər ararıla bilər? İnsanların da fikirlərini yanlış istiqamətə yönəldir, təhrif olunmuş formada təbliğat aparırlar. Mən narahatam ki, bəzi kütləvi infomasiya vasitələri, qəzetlər tərəfindən bu məsələ olduğu kimi başa düşülmür.

- Telekanala rəsmi sənəd daxil olmadan onun yayımının dayandırılması barədə nə deyə bilərsiniz?

- Biz dünən ANS-in lisenziyası ilə bağlı müzakirələr apardığımız iclasa şirkətin rəsmi nümayəndələrini də dəvət etdik. Mətbuat konfransında Vahid Mustafayev bildirib ki, biz bu məsələyə qeyri-ciddi münasibət bəslədik. Amma halbuki ANS-in rəsmi nümayəndələrinin iştirakı ilə bizim iclasımız keçirilib. Orada telekanalın nümayəndələrinə bildirildi ki, bu qərarla siz artıq saat 15.00-dan yayımınızı dayandırmalısınız və sizə bu barədə rəsmi sənəd də göndəriləcək. Bu məlumatı verəndən sonra Şuranın qərarının şirkətə çatdırılması bir qədər gecikdi. Çünki qərarın stenoqramdan protokola köçürülməsi, çapı, göndərilməsi kimi texniki işləri var və yalnız bu işlər vaxt apardı. Amma onların rəsmi nümayəndələri iclasın işində iştirak edəndə bildirdim ki, buradan gedən kimi saat 15.00-dan etibarən yayımı dayandırmalısınız. Mən Şuranın rəhbəri kimi onları iclasa dəvət edib, bu barədə özlərinə rəsmi şəkildə məlumat vermişəm. Qərarımızı da onların üzünə oxumuşuq. Bu kifayət etmirmi? Amma təəssüf ki, mətbuat orqanarı məsələnin mahiyyətini bilmirlər, ona görə də yanlış şərhlər verilir.

- ANS-in tezliyinə müsabiqədə nə üçün başqa iştirakçılara üstünlük veriləcək?

- Birincisi, ANS yayımlandığı tezliyin hüquqi varisi deyil. Mən bu fikri ANS-in nümayəndələrinə də dedim. Bu tezlik dövlətin mülkiyyətidir və o, hərraca çıxarılmır. Bu hərrac haqqında danışanlar öz fəaliyyətlərini hərraca çıxarırlar. Əgər Teleradio Şurasının fəaliyyətində belə bir şey varsa, buyurub ortaya qoysunlar. Biz tezliyi hərraca çıxarmırıq, müsabiqə elan edirik. Biz ANS-in lisenziya müddətini uzatmamışıq, deməli, qanun pozuntuları olub ki, bu qərarı vermişik. Ona görə də həmin tezliyə iddialı olan başqa qurum iştirak edəcəksə, onun şansı daha çox olacaq. Yəni, bu, teleşirkətin fəaliyyətində yol verilən qanun pozuntuları, bu səbəbdən də lisenziyasının uzadılmaması ilə bağlıdır.

- Əgər müsabiqədə alternativ iştirakçı olmasa, ANS yenidən tezliyi qazana bilərmi?

- Qabaqcadan bu barədə danışmaq tezdir. Gəlin gözləyək, əvvəlcə müsabiqə elan olunsun, ondan sonra bu barədə cavab verə bilərik.

- Dünəndən bəri cəmiyyətdə ən çox bir sual səslənir ki, görəsən ANS açılacaq, yoxsa yox? Siz bu suala necə cavab verərdiniz?

- Bu məsələ qanun əsasında öz həllini tapacaq. Doğrudur, qanunda yazılmayıb ki, fəaliyyəti dayandırılmış telekanal həmin müsabiqədə iştirak edə bilər, yoxsa yox. Biz bu məsələni müzakirə edəcəyik. Bu gün fakt odur ki, Teleradio Şurası ANS-in lisenziya müdətini uzatmayıb. Yalnız bir halda ANS tezliyi qazana bilər ki, müsabiqədə ondan başqa iştirakçı olmasın. Amma bu fikri mən yalnız nəzəri cəhətdən deyirəm. Bunları biz müzakirə edəcəyik.

Xəbər lenti

Xəbər lenti