...

BŞBPİ-nin rəis müavini Yaşar Əliyev: Xaqani küçəsindəki 33 saylı bina boşaldılarkən polis avadanlıqlara zərər vurmayıb

Siyasət Materials 27 Noyabr 2006 12:33 (UTC +04:00)
BŞBPİ-nin rəis müavini Yaşar Əliyev: Xaqani küçəsindəki 33 saylı bina boşaldılarkən polis avadanlıqlara zərər vurmayıb

Noyabrın 25-də Bakı şəhəri, Xaqani küçəsi 33-də yerləşən bina məhkəmə qərarına əsasən boşaldılarkən polisin avadanlıqlara qarşı nəzakətsiz davranışı barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Trend ə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev məlumat verib.

Y.Əliyev bildirib ki, Əbülfəz Elçibəyin binanın birinci mərtəbəsində yerləşən müzeyinin əşyaları şahidlərin iştirakı ilə aktlaşdırılaraq onun kürəkəni Aqil Səmədbəyliyə təhvil verilib. "Əşyalar iki maşına yüklənib və biz Aqil Səmədbəyli ilə mehriban şəraitdə ayrılmışıq" - deyə Y.Əliyev bildirib.

Rəis müavininin sözlərinə görə, ünvandan çıxarılmış digər təşkilatların da əşyaları da aktlaşdırılıb. "Əşyalar məhkəmə qərarında göstərilən ünvanlara aparılıb və hazırda da həmin ünvanlarda polis tərəfindən mühafizə olunur. Polis əməkdaşlarının avadanlıqlarla kobud davranmaları nəticəsində təşkilatlara külli miqdarda maddi ziyan dəyməsi, təşkilat nümayəndələri ilə kobud davranmağımız ilə əlaqədar həmin təşkilatların yaydıqları bəyanatlar ağ yalandır. Hadisə yerində polisdən başqa Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin nümayəndələri, çoxsaylı insanlar olub. Sadəcə olaraq binada yerləşən təşkilatların nümayəndələri binanın qapı-pəncərəsini və döşəmə parketlərini çıxarıb aparmaq istəyirdilər və təbii ki, biz bunun qarşısını almışıq" - deyə Y.Əliyev bildirib.

Y.Əliyevin sözlərinə görə, bina boşaldılarkən otaqlardan çıxarılmış iki ədəd kondisioner günün sonu olduğu üçün məhkəmə qərarında qeyd olunan ünvana aparılmayıb və binaya yaxın ünvanlardan birində saxlanılıb. Noyabrın 26-da AXCP sədrinin köməkçisi və daha bir neçə şəxs aktla həmin kondisionerləri də şəxsən rəis müavinindən təhvil alıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası 1 saylı İqtisad Məhkəməsi Bakı şəhəri, Xaqani 33 ünvanda yerləşən "Azadlıq", "Bizim Yol" qəzetlərinin, "Turan" informasiya agentliyinin, "Yeni Nəsil" Jurnalistlər Birliyinin, Azərbaycan Xalq Cəbhəsi Partiyasının binadan çıxarılmasıyla bağlı qərar qəbul edib. Noyabrın 25-də isə qərar icra edilib və təşkilatlara məxsus avadanlıqlar əvvəlcədən müəyyən edilmiş ünvanlara köçürülüb. Adları çəkilən təşkilatlar bina boşaldılarkən polis əməkdaşları tərəfindən avadanlıqlarla nəzakətsiz davranma nəticəsində təşkilatlara külli miqdarda ziyan dəyməsi barədə bəyanat yayıblar.

Xəbər lenti

Xəbər lenti