Naxçıvan MR ərazisində yeni modul tipli elektrik stansiyası inşa edilir. Trend in Naxçıvan Bürosu xəbər verir ki, Naxçıvan-Ordubad avtomagistralının 8-ci kilometrliyində, ümumi gücü 87 mvt olan modul tipli elektrik stansiyasının tikintisini "Azərenerjitikinti" MMC həyata keçirir.
Qeyd edək ki, "Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" ölkə başçısının ötən il imzaladığı sərəncama uyğun olaraq inşa edilən stansiya ilin sonlarına kimi istifadəyə veriləcək və bu da regionda istehsal olunan enerjinin həcminin əsaslı şəkildə artırılmasına səbəb olacaq.
Ümumiyyətlə, cari ilin on ayı ərzində Naxçıvan MR-də 168.799 min KVt/saat enerji istehsal edilib. Bu müddət ərzində işlədicilərə itki nəzərə alınmaqla dəyəri 16589,2 min manat təşkil edən 782817 min KVt/saat- elektrik enerjisi verilib. Həmin müddətdə istifadə edilən enerjinin dəyəri 8213,2 min manat həcmində olub. Bu isə işlədilən elektrik enerjisinin 49,5% -nin dəyəri olub. Regionda 58.846 fərdi elektrik enerjisi abunəsisindən 45.500 nəfərin mənzilinə elektrik sayğacı qoyulub.