Təhsildə korrupsiya faktlarının qarşısını inzibati yolla almaq mümkün deyil. Bu barədə ATƏT-in Bakı ofisinin təşkil etdiyi, ali məktəblərdə korrupsiya ilə mübarizə mövzusuna həsr olunmuş bugünkü konfransda Azərbaycanın təhsil naziri Misir Mərdanov bəyan edib.
O qeyd edib ki, hökümət təhsil sistemində korrupsiya faktının olmasından narahatdır. Nazir bildirib ki, cəmiyyətdə geniş maarifləndirmə işi apararaq, bununla mübarizə aparmaq lazımdır. M.Mərdanov həmçinin tədbir təşkilatçılarının təhsildə korrupsiya faktları ilə mübarizə üçün ictimai şuranın yaradılması haqqında təşəbbüsünü də dəstəkləyib. Təhsil müəssisələrinə muxtariyyatın verilməsi haqqında təklifə gəlincə, nazir qeyd edib ki, bu, o qədər də uğurlu fikir deyil. O, misal kimi artıq mövcud olan və həmin statusun verildiyi 7 müəssisəni göstərib və vurğulayıb ki, bu məktəblərdə korrupsiyanın səviyyəsi o birilərindən çoxdur. "Azərbaycan buna hazır deyil", - deyə o bildirib.
M.Mərdanov Bakı şəhərində vahid şəhər məktəb idarəsinin yaradılması və təhsil üzrə rayon şöbələrinin ləğvi haqqında bu yaxınlarda verilmiş qərarı yada salıb. O əmindir ki, bir ildən sonra bu islahatların müsbət nəticələri açıq-aşkar görünəcək.
Nazir təhsil haqqında qanuna toxunub və bildirib ki, ən ideal qanunun qəbul olunması belə hələ problemin həlli demək deyil. O əmindir ki, qanunun icra mexanizmləri hazırlanmalıdır.