...

KXCP sədri M.Mirəlioğlu: "Müxalifət partiyaları arasında danışıqların nəticəsi elə Azərbaycansayağı oldu"

Siyasət Materials 20 Dekabr 2006 15:11 (UTC +04:00)

"Müxalifətin qəfildən bir yerə toplanması bizim partiyalar arasında apardığımız danışıqlara ara verməyimizə səbəb oldu. Əslində bu, müxalifətin əməkdaşlığı prosesini sürətləndirməli idi, lakin təəssüf ki, nəticə elə Azərbaycansayağı oldu". Bu fikirləri Trend ə açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib.

O qeyd edib ki, söz və mətbuat azadlğının müdafiəsi üzrə yaradılmış Koordinasiya Şurasının fəaliyyətinin bərpası gözlənilir. Lakin M.Mirəlioğlu bununla bağlı müxalifət partiyaları arasında hər hansı müzakirələr və görüşlər olmadığını deyib. KXCP sədrinin sözlərinə görə, müxalifət partiyalarının toplanmasına sözdə hamısı razılıq verir, lakin nəticə etibarilə ortada konkret bir iş yoxdur.

M.Mirəlioğlu onu da deyib ki, bir müddət əvvəl KXCP bütün müxalifət qüvvələrinin bir araya gəlməsi üçün partiyalar arasında danışıqlara başlayıb. Onun sözlərinə görə, bütün müxalifətçilərin iştirak etdiyi Koordinasiya Şurasının yaradılması danışıqların dayandırılmasına səbəb olub: "Apardığımız danışıqlar elə danışıq olaraq qaldı" - deyə M.Mirləlioğlu vurğulayıb. O, eyni zamanda əlavə edib ki, Azərbaycan müxalifətinin yenidən bir araya gələrək əməkdaşlığını bərpa etməsi mümkündür.

Qeyd edək ki, bu il mart ayında müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edir və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib.

Xəbər lenti

Xəbər lenti