Trend Milli Məclisin regional məsələlər daimi komissiyasının dekabrın 21-də keçirilən iclasında Gəncə şəhərinin, Xanlar, Kürdəmir və Şəmkir rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.
Birinci layihəyə əsasən, Xanlar rayonunun Dozular kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Dozular kənd inzibati ərazi vahidi, Pənahlar kəndi Çaylı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin kənd mərkəz olmaqla Pənahlar kənd inzibati ərazi vahidi yaradılması təklif olunur. Bundan başqa, Çaylı kənd inzibati ərazi dairəsi Çaylı kənd inzibati ərazi vahidi hesab edilməsi, Qızılqaya qəsəbəsi Xanlar şəhər inzibati ərazi dairəsi tərkibindən ayrılaraq həmin qəsəbə mərkəz olmaqla Qızılqaya qəsəbə inzibati ərazi vahidi və Qızılca kəndinin tərkibində yeni salınmış yaşayış məntəqəsi Yeni Qızılca kəndi adlandırılmaqla rayonun ərazi vahidlər siyahısına daxil edilməsi və həmin kənd mərkəz olmaqla Yeni Qızılca kənd inzibati ərazi vahidinin yaradılması təklif olunur.
Eyni zamanda təklif olunub ki, Xanlar rayonun Quşqara kəndinin inzibati ərazisindən Gəncə şəhəri Nizami rayonuna 100 ha torpaq sahəsi verilsin. Bundan başqa Kürdəmir rayonu üzrə Şilyan kəndinin bir hissəsinin Qarasu kəndi adlandırılması və rayonun ərazi vahidləri siyahısına daxil edilməsi, Qarasu kənd inzibati ərazi vahidinin yaradılması, Şəmkir rayonu üzrə isə Keçili kəndinin bir hissəsinin Xuluf kəndi adlandırılması və rayonun ərazi vahidlər siyahısına daxil edilməsi, Xuluf kənd inzibati ərazi vahidinin yaradılması, Təzəkənd kəndinin bir hissəsinin Düzqışlaq kəndi adlandırılması və rayonun ərazi vahidlər siyahısına daxil edilməsi, Düzqışlaq kəndinin Təzəkəndin tərkibindən ayrılaraq Düzqışlaq kəndinin yaradılması təklif olunur.
Müzakirələrdən sonra təklif olunan layihənin Milli Məclisdə müzakirəyə çıxarılması qərara alınıb.