...

Azərbaycan XİN başçısı ATƏT DİİNB-in direktorunu qəbul edib

Siyasət Materials 21 Dekabr 2006 20:09 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik təsisatlar və insan hüquqları Bürosunun direktoru Kristian Ştrohalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir. Görüş zamanı Azərbaycan və ATƏT arasındakı münasibətlər, ölkəmizdə davam etməkdə olan demokratikləşmə prosesinin inkişafı və insan hüquqlarının müdafiəsi istiqamətində aparılan islahatlar, həmçinin regionda həyata keçirilən irimiqyaslı iqtisadi layihələr və qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Məmmədyarov ATƏT və Avropa Şurası ilə sıx əməkdaşlıq etmək, eyni zamanda, digər Avropa və Avro¬-Atlantik strukturlara inteqrasiyanın Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətlərindən biri olduğunu, bu prosesin ölkənin milli maraqlarına xidmət etdiyini vurğulayıb.

Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş danışıqlara toxunaraq, onun çözülməsinin regionda sülhün və təhlükəsizliyin bərqərar edilməsinə, həmçinin demokratikləşmə prosesinin inkişafına müsbət təsir göstərəcəyini qeyd edib. Münaqişənin həlli üçün Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirməsinin vacibliyi vurğulanıb.

Görüşdə digər məsələlər ətrafında da müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti