...

AŞPA sədri: Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənistanın maraqlarına cavab verir

Siyasət Materials 12 Yanvar 2007 18:58 (UTC +04:00)
AŞPA sədri: Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənistanın maraqlarına cavab verir

"Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması ilk növbədə Ermənistanın maraqlarına cavab verir, çünki Ermənistan indi xeyli təcrid edilib və onun gənc əhalisinin kifayət qədər böyük hissəsi daha yaxşı yaşayış axtarmaq üçün xaricə gedir". Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene van der Linden yanvarın 12-də Moskvada keçirilən mətbuat konfransında Trend in xüsusi müxbirinin 1416-cı qətnamə (Dağlıq Qarabağ və ətraf rayonlar da daxil olmaqla, Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması faktını pisləyən) nöqteyi-nəzərindən Avropa Şurasının Ermənistana qarşı sanksiyalarının tətbiq olunmamasının səbəbləri haqqında sualına cavab verərkən bildirib.

Van der Linden təəssüflə bildirib ki, hər iki dövlət rəhbərləri münaqişənin həllini tapa bilməyib və razılaşıb ki, Ermənistan və Azərbaycan arasında bu münaqişə çox faciəvi və ciddidir.

Ermənistana qarşı sanksiyaların tətbiq olunmaması səbəblərinə gəlincə, AŞPA sədri bildirib: "Avropa Şurası ordu deyil. Biz öz məqsədlərinə çatmaq üçün qeyri-hərbi metodlardan istifadə edən vahid dəyərlər sistemi ətrafında birləşən məsləkdaşlar birliyiyik. Biz məslək metodları, dialoq metodları ilə fəaliyyət göstəririk, biz digər tərəfi kompromis həllər tapmağın zəruri olduğuna inandırmaq üçün məhz belə dialoqun tətbiq edilməsi metodu ilə fəaliyyət göstəririk".

Avropa Şurasının sərəncamında olan sanksiyalardan danışan Van der Linden qeyd edib ki, bu, hər şeydən əvvəl, nümayəndə heyətini AŞPA-da səs vermə hüququndan məhrum etməkdir. "Lakin ən ciddi və sərt tədbir - ölkənin Avropa Şurasında üzvlüyünün geri çağırılmasıdır. Lakin bu halda biz bu tədbirin görülməsini nəzərdən keçirmirik. İş burasındadır ki, məsələn, Yunanıstan və Türkiyə arasında silahlı münaqişənin olduğu hal kimi, əgər münaqişə yenidən bərpa olunsa, bu məsələ yarana bilər", - deyə AŞPA sədri bildirib.

Avropa Şurasının Ermənistanda 5000 azərbaycanlının əsir saxlanması faktının obyektiv şəkildə araşdırılmasına necə yardım edə biləcəyi barədə Trend in sualına cavab verən Rene van der Linden bu məsələ ilə bağlı informasiyasının olmadığını qeyd edib. Bununla yanaşı o qeyd edib ki, Avropa Şurasında lord Rassel Constonun başçılıq etdiyi xüsusi qrup var və məhz o, bu məsələ ilə məşğul olur.

Xəbər lenti

Xəbər lenti