...

Misir Mərdanov: Müəllimliyə heç bir aidiyyəti olmayan şəxsləri orta məktəblərə işə qəbul edən məktəb direktorları cəzalandırılacaq

Siyasət Materials 15 Yanvar 2007 17:02 (UTC +04:00)
Misir Mərdanov: Müəllimliyə heç bir aidiyyəti olmayan şəxsləri orta məktəblərə işə qəbul edən məktəb direktorları cəzalandırılacaq

Müəllimliyə heç bir aidiyyəti olmayan şəxsləri orta məktəblərə işə qəbul edən məktəb direktorları cəzalandırılacaq. Trend in xəbərinə görə, bu sözləri yanvarın 15-də Bakıdakı 1 saylı orta məktəbdə keçirilmiş zona müşavirəsində Azərbaycanın təhsil naziri Misir Mərdanov söyləyib.

Nazir bildirib ki, bu fakt orta məktəblərdə riyaziyyat fənninin tədrisi ilə bağlı onun rəhbərliyi altında aparılan araşdırmalar zamanı ortaya çıxıb. Məlum olub ki, Bakı şəhərindəki əksər orta məktəblərdə riyaziyyat fənnini tədris edənlər ümumiyyətlə müəllimliyə aidiyyəti olmayan şəxslərdir.

"İlkin araşdırmalar göstərir ki, orta məktəblərdə riyaziyyat fənnini tədris edən müəllimlərin böyük bir hissəsi mühəndislər, zootexniklər, baytar həkimləri və digər sahələrə aid olan şəxslərdir. Bu şəxsləri məktəbə müəllim vəzifəsinə qəbul edən məktəb direktoru ilə rayon təhsil şöbəsidir. Bu siyahı məndə var və yaxın vaxtlarda bu hala yol vermiş hər bir məktəb direktoru cəzalandırılacaq" - deyə nazir vurğulayıb.

Nazir bildirib ki, müəllimliyə aidiyyəti olmayanların bu sahəyə işə qəbul olunması müəllimlik təhsili olanların işsiz qalmasına səbəb olur.

Nazir: "Bakı Dövlət Universitetinin və Pedaqoji Universitetin riyaziyyat fakültələrini bitirənlər kənarda qalır, əvəzində isə rayon təhsil şöbələri ilə məktəb direktorları kimlərinsə təsiri və təzyiqi altında müəllimliyə heç bir aidiyyəti olmayan adamları riyaziyyat müəllimi kimi işə qəbul edir. Yaxın bir ay ərzində bu araşdırmanı başa çatdırıb yekun qərar qəbul edəcəyik".

Xəbər lenti

Xəbər lenti