...

İlin fəal, seçici hüquqlarını ən fəal müdafiə edən və passiv millət vəkillərinin adları açıqlanıb

Siyasət Materials 19 Yanvar 2007 15:56 (UTC +04:00)

Tərəfsiz Jurnalistlər (Parlament jurnalistləri) İctimai Birliyi yanvarın 19-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi mətbuat konfransında "İlin fəal millət vəkili", "Seçicilərin hüquqlarını ən fəal müdafiə edən millət vəkili" və "İlin passiv deputatı" nominasiyaları üzrə qaliblərin adlarını açıqlayıb.

Tərəfsiz Jurnalistlər İctimai Birliyinin təmsilçisi Xaqani Səfəroğlu bildirib ki, təşkilat ötən ilin dekabrında üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin bir illik fəaliyyətinin qiymətləndirilməsi üçün parlamentdə akkreditasiya olunmuş 50 jurnalist arasında sorğu keçirib. O qeyd edib ki, sorğu 3 nominasiya üzrə - "İlin fəal deputatı", "Seçici hüquqlarını ən fəal müdafiə edən millət vəkili" və "İlin passiv deputatı" nominasiyaları üzrə keçirilib.

Eyni zamanda, jurnalistlər üçüncü çağırış Milli Məclisin bir illik fəaliyyətinə və qanunverici orqanın mətbuat xidmətinin bir illik işinə qiymət veriblər. "Sorğuda iştirak edənlərin 50 faizi parlamentin bir illik fəaliyyətini qənaətbəxş, 50 faizi isə qeyri-qənaətbəxş hesab ediblər. Milli Məclisin mətbuat xidmətinin bir illik fəaliyyətini isə 51 faiz qənaətbəxş, 50 faiz isə qeyri-qənaətbəxş kimi qiymətləndirib", - deyə Xəqani Səfəroğlu bildirib.

Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri Elşad Eyvazlı isə qeyd edib ki, təşkilat iki il əvvəl yaradılıb və bu müddətdə xeyli iş görüb: "Gördüyümüz əsas iş ondan ibarətdir ki, "reket" adlandırılan jurnalistlərin Milli Məclisdən uzuqlaşdırılmasına nail olmuşuq. Bundan başqa, jurnalistlərin sosial problemlərinin həlli üçün Jurnalist Təmir-Tikinti Kooperativi yaratmışıq. Hesab edirəm ki, yaxın vaxtlarda jurnalistlərin sosial problemləri öz həllini tapacaq".

O deyib ki, bu cür sorğular hər il keçirləcək.

Sonra sorğu üzrə qaliblərin adları açıqlanıb. Hər nominasiya üzrə on qalib elan olunub.

"Seçici hüquqların ən fəal müdafiə edən millət vəkili" nominasiyasina deputatlar Mehriban Əliyeva, Qənirə Paşayeva, Cəmil Həsənli, Pənah Hüseyn, Nəsib Nəsibli, İltizam Əkbərli, Aydın Mirzəzadə, Elmira Axundova, Hüseyn Abdullayev və Cavid Qurbanov layiq görülüblər.

"İlin fəal millət vəkili" nominasiyasına Qənirə Paşayeva, Pənah Hüseyn, Cəmil Həsənli, Fazil Qəzənfəroğlu, İqbal Ağazadə, Zahid Oruc, Elmira Axundova, Qüdrət Həsənquliyev, Bahar Muradova və Siyavuş Novruzov layiq görülüblər.

İlin passiv deputatları isə bunlardır: Maqsud İbrahimbəyov, Madər Musayev, Xəlilbəy Günəşov, Əhəd Abıyev, Bünyamin Xəlilov, Sabir Hacıyev, Əhəd Əhmədov, Məcid Kərimov, Novruzəli Aslanov və Mixail Zabelin.

Xəbər lenti

Xəbər lenti