...

Aydın Mirzəzadə: "AŞ PA-nın Ermənistanın öhdəlikləri ilə bağlı qəbul etdiyi qərarda Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilməyib"

Siyasət Materials 24 Yanvar 2007 12:33 (UTC +04:00)
Aydın Mirzəzadə: "AŞ PA-nın Ermənistanın öhdəlikləri ilə bağlı qəbul etdiyi qərarda Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilməyib"

"AŞ PA-nın Ermənistanın öhdəlikləri ilə bağlı qəbul etdiyi qərarın böyük bir hissəsi Dağlıq Qarabağ münaqişəsinə həsr olunsa da, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilməyib." Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ AP) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə Trend ə açıqlamasında belə deyib.

Xatırladaq ki, Avropa Şurası Parlamet Assambleyasının (AŞ PA) qış sessiyası çərçivəsində yanvarın 23-də Bakı vaxtı ilə axşam saatlarında Ermənistanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi məsələsi müzakirə olunub.

A.Mirzəzadə bildirib ki, Ermənistanın öhdələiklərinin müzakirəsi müəmmalı şəkildə axşam saatlarına təyin olunub və ümümiliklə 40 dəqiqə müzakirələr aparılıb.

"Ermənistanın öhdəlikləri müzakirə olunan zaman iclas zalında Azərbaycan və Ermənistan deputatları da daxil olmaqla cəmi 30 nəfər var idi. Eyni zamanda çıxışlar üçün çox az vaxt- yarım saat ayrılmışdı. Bu vaxt ərzində də iki erməni və iki ermənipərəst deputat çıxış etdi və bununla da müzakirələr bağlandı. Sanki tələsik və geniş müzakirələr olmadan tədbir keçirmək istəyirdilər. Bunu niyə bu cür etmişdilər, təşkilatçılar kimlər idi və ssenari niyə belə qurulmuşdu, bunlar bizə aydın olmadı", - deyə Aydın Mirzəzadə vurğulayıb.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvlərindən 4 nəfər çıxışa yazılsa da, onlardan heç birinə söz verilməyib.

O deyib ki, Ermənistanla bağlı müzakirələr gülməli xarakter daşıyıb: "Ermənistanın Daşnakstun Partiyasının rəhbərlərindən biri olan Armen Rustamyan öhdəliklərlə bağlı çıxış etmək əvəzinə, guya Azərbaycanın Ermənistana təcavüz etməsi, ona problemlər yaratması haqqında danışmağa başladı. Ermənistan parlamentinin sədri Tiqran Tarasyan da eyni məzmunlu çıxış etdi. Liberal demokratlar adından çıxış edən Ermənistan müxalifətinin liderlərindən biri olan Stepan Dəmirçiyan isə bildirdi ki, ölkəsində seçkilər ciddi pozuntularla keçirilib və indiyə qədər normal bir seçki olmayıb, seçki komissiyaları günün tələblərinə cavab vermir. Ümumilikdə, məruzə Ermənistanda demokratiyanın inkişaf etdiyi təəssüratı yaradırdı."

A.Mirzəzadə qeyd edib ki, Ermənistanın öhdəlikləri ilə bağlı qəbul olunan qərarın böyük bir hissəsi Dağlıq Qarabağ münaqişəsinə həsr olunub. "Ancaq həmin bölmədə Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi göstərilməyib. Orada yazılıb ki, Dağlıq Qarabağ uğurunda Azərbaycan və Ermənistan arasında münaqişə baş verib. Ermənistana münaqişənin sülh yolu ilə həll olunması tövsüyyə edilir. Nədənsə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi qeyd olunmur. Baxmayaraq ki, işğal məsələsi AŞ PA-nın sənədlərində əks olunub. Ermənistanla bağlı qəbul olunan qərarda münaqişənin səbəbləri göstərilmir və qeyd olunmur ki, problemin yaranma səbəbi Ermənistanın işğalçılıq siyasəti yürütməsidir. Sanki rəsmi İrəvandan xahiş olunur ki, problemin həllinə diqqət yetirsin", - deyə millət vəkili bildirib.

Bundan başqa qeyd olunub ki, Ermənistanda indiyə qədər keçirilən seçkilərin heç biri beynəlxalq standartlara cavab verməyib.

Xəbər lenti

Xəbər lenti