...

Millət vəkili Aydın Mirzəzadə: "AŞPA-nın qış sessiyasını Azərbaycan üçün uğurlu saymaq olar"

Siyasət Materials 27 Yanvar 2007 13:42 (UTC +04:00)

"AŞPA-nın qış sessiyasını Azərbaycan üçün uğurlu saymaq olar". Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə Trend ə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinin üzvləri nəzərdə tutulan plan üzrə işləyiblər.

"Biz Strasburqda olan zaman internetdə bəzi qəzetlərdən oxuduq ki, guya AŞPA-nın qış sessiyası Azərbaycan nümayəndə heyəti üçün "qara gün" olub. Lakin bunun haradan qaynaqlandığı bizim üçün aydın deyil. Əslində isə belə bir hadisə olmayıb. Biz plan üzrə işi görmüşük və gördüyümüz işlərin müsbət nəticəsi var. Azərbaycan nümayəndə heyətinin işini "qara" göstərmək kimin marağındadır və bunu niyə edirlər, bu mənim üçün aydın deyil", - deyə A.Mirzəzadə vurğulayıb.

Kosovonun gələcək statusi ilə bağlı aparılan müzakirələri xatırladan millət vəkili deyib ki, bununla bağlı qəbul edilən qərar Azərbaycanın maraqları baxımından da vacibdir. Çünki bu məsələ müzakirə olunan zaman bir daha məlum oldu ki, Avropa separatçı rejimləri dəstəkləmək fikrində deyil.

"Məsələ müzakirə olunan zaman Avropanın aparıcı dövlətləri Kosovoya müstəqillik verilməsinin əleyhinə çıxdılar. Bu onu göstərir ki, Avropa müstəqil dövlətlərin sərhədlərinə yenidən baxılmasının qəti əleyhinədir", - deyə A.Mirzəzadə əlavə edib.

Millət vəkili qış sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri arasında ilk dəfə görüş keçirilməsini də uğur hesab edir.

"AŞPA-da Azərbaycan nümayəndə heyətinə hər hansı bir təzyiqdən söhbət gedə bilməz. Çünki Azərbaycanı təmsil edən deputatlar ən hörmətli nümayəndə heyətlərindən biridir. Bəzi qəzetlər yazıblar ki, guya Azərbaycan nümayəndə heyətini sözdən məhrum ediblər. Bunlar həqiqətə uyğun olmayan məsələlərdir. Ölkəmizin nümayəndə heyəti ən nümunəvi və ən fəal nümayəndə heyətlərindən biridir. Sadəcə bir neçə dəfə bizim adımız çıxış edəcək şəxslərin siyahısında sonuncu yerlərdə yazılmışdı. Bununla bağlı iradlarımızı rəhbərliyə bildirdik. Ümumilikdə AŞPA-nın qış sessiyasının nəticələrini Azərbaycan üçün uğurlu saymaq olar", - deyə millət vəkili vurğulayıb.

Xəbər lenti

Xəbər lenti