Fevralın 2-də Güney Azərbaycanın Birləşmiş Millətlər Təşkilatında Təmsil olunmayan Millətlər və Xalqlar Təşkilatına (UNPO) üzv qəbul olunması münasibəti ilə təntənəli qəbul mərasimi keçirilib. Bu barədə Trend ə Güney Azərbaycan Milli Oyanış Hərəkatından (GAMOH) məlumat verilib.
Tam səs çoxunluğu ilə UNPO üzvlüyünə qəbul edilən Güney Azərbaycanı bu qurumda təmsil etmək hüququ GAMOH lideri Mahmudəli Çöhrəqanlıya verilib. Güney Azərbaycanın üzv qəbul olunmasından sonra UNPO-nun ümumi yığıncağında çıxış edən M.Çöhrəqanlı Güneydəki siyasi, iqtisadi, ictimai və mədəni sahələrdə vəziyyətlə bağlı geniş məruzə edib. M.Çöhrəqanlı Azərbaycan tarixinə də toxunub, vətənimizin Gülüstan "sülh" müqaviləsi nəticəsində iki yerə bölünməsindən danışıb. Güneydəki milli hərəkatın məqsəd və məramları barədə danışan GAMOH lideri Güney Azərbaycan xalqının uzun illər boyu məruz qaldığı zülm və əsarət, soyqırımlar barədə məlumat verib. Rəsmi qəbul mərasiminin ardınca GAMOH lideri təbrikləri qəbul edib.
Fevralın 3-dən M.Çöhrəqanlının Avropa Parlamentində görüşləri başlayıb.