...

Millət vəkili Mübariz Qurbanlı: ADP-də nə baş verməsi YAP-ı maraqlandırmır

Siyasət Materials 12 Fevral 2007 15:10 (UTC +04:00)

"Xırda bir partiyada nə baş verməsi bizi maraqlandırmır və buna münasibət bildirmək niyyətində deyilik." Müxalifətyönlü Azərbaycan Demokrat Partiyasında (ADP) yaranmış qarşıdurmaya dair Trend in sualını cavablandıran hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı belə deyib.

Qeyd edək ki, ADP Ali Məclisi yanvarın 27-də partiyanın siyasi xəttini dəyişmək və hakimiyyətlə əməkdaşlıq etmək haqqında qərar qəbul edib. Bu qərarın qəbul olunmasından sonra ADP-də qarşıdurma yaranıb. ADP sədri Rəsul Quliyev fevralın 10-da hakimiyyətlə dialoqa getmək tərəfdarı kimi çıxış edən birinci müavini Sərdar Cəlaloğlunu və müavini Həsrət Rüstəmovu vəzifəsindən azad edib.

M.Qurbanlı qeyd edib ki, ADP hakim partiya ilə əməkdaşlıq etmək haqqında qərar qəbul edən zaman onlar bu məsələyə münasibət bildiriblər. "Biz demişik ki, gəlsinlər oturub danışıq, görək nə istəyirlər. İndi bu məsələyə görə ADP-də baş verənlər bizi maraqlandırmır", -deyə YAP rəsmisi əlavə edib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildi hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti