...

YAP: "Əli İnsanovun YAP-ı maliyyələşdirməklə bağlı söylədiyi fikirlər böhtan və siyasi şantajdan başqa bir şey deyil"

Siyasət Materials 16 Fevral 2007 16:50 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, dövlət əmlakını mənimsəmə maddələri ilə ittiham olunaraq həbs edilən sabiq səhiyyə naziri Əli İnsanovun Ağır Cinayətlərə Dair İşlər üzrə məhkəmədə partiya ilə bağlı səsləndirdiyi fikirlərin həqiqətə uyğun olmadığını bəyan edir və sabiq nazirin bu hərəkətini törətmiş olduğu ağır cinayətləri arxa plana keçirmək, həbsinə siyasi don geyindirmək cəhdi kimi qiymətləndirir.

Trend in məlumatına görə, YAP mətbuat xidmətinin fevralın 16-da yaydığı açıqlamada belə deyilir.

Açıqlamada bildirilir ki, YAP özünün maliyyə durumu, xüsusilə də onun formalaşması mənbələri barədə hər il cəmiyyətə hesabat verərək, bütün sahələrdə olduğu kimi, bu sahədə də şəffaflığı təmin edib: "YAP-ın maliyyə vəsaitləri yalnız üzvlük haqları hesabına formalaşır. Yeni Azərbaycan Partiyasının üzvlərindən heç kim, o cümlədən sabiq səhiyyə naziri Əli İnsanov, partiyanın maliyyələşməsində üzvlük haqqını ödəməkdən savayı digər formada iştirak etməmişdir və etmir. Onun məhkəmədə Yeni Azərbaycan Partiyasını maliyyələşdirməklə bağlı söylədiyi fikirlər böhtan və siyasi şantajdan başqa bir şey deyildir."

Mətbuat Xidməti onu da bildirir ki, Əli İnsanovun İdarə Heyətinin üzvü olaraq bu qurumun iclaslarında tənqidi mövqedən çıxış etdiyinə görə həbs olunması barədə məhkəmədə səsləndirdiyi fikirlər də həqiqətdən tamamilə uzaqdır. Belə ki, Ə.İnsanov İdarə Heyətinin iclaslarında həmişə ölkədəki sabitlik, dinamik inkişaf, sosial durum barədə müsbət və emosional tonda çıxışlar etmiş, xüsusən də qaçqın və məcburi köçkünlərə olan dövlət qayğısının, çadır şəhərciklərinin sürətli ləğvi istiqamətində görülən işlərin təqdirəlayiq hal olduğunu bəyan etmişdir: "Bu gün Əli İnsanovun məhkəmə qarşısında dayanması onun özünün iddialarının əksinə olaraq, siyasi xarakterli və qərəzli deyil, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, törətdiyi əməllərə görə konkret maddələrlə ittiham olunması ilə əlaqədardır.

Xatırladaq ki, dövlət çevrilişinə cəhddə, dövlət əmlakını mənimsəməkdə, vəzifəsindən sui-istifadə etməkdə və digər cinayətlərdə ittiham olunaraq həbs edilən sabiq səhiyyə naziri, YAP İdarə Heyətinin keçmiş üzvü Əli İnsanov məhkəmədə hakim partiyanın ünvanına bir sıra ittihamlar səsləndirib. Ə.İnsanov deyib ki, onu YAP İdarə Heyətinin iclaslarında tənqidi fikirlər səsləndirdiyinə görə həbs ediblər. Ə.İnsanov YAP-a milyonlarla dollar maliyyə yardımı etdiyini bildirib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildi hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti