...

Mətbuat Şurasının sədri: "Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri və hakiminə müraciət etmişik"

Siyasət Materials 23 Fevral 2007 13:45 (UTC +04:00)
Mətbuat Şurasının sədri: "Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri və hakiminə müraciət etmişik"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev və hakimi Faiq Qasımova müraciət ünvanlayıb. Bu barədə Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Müraciətdə bildirilir ki, sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi ilə əlaqədar keçirilən məhkəmə prosesinə bir sıra jurnalistlərin buraxılmamasına dair Mətbuat Şurasına şikayətlər daxil olub. 12 qəzetin nümayəndələrindən gələn şikayətlərdə jurnalistlər hakimin onları məhkəmə keçirilən zala buraxmamasından, peşə vəzifələrini yerinə yetirmək hüquqlarının pozulmasından şikayətləniblər. Mətbuat Şurası bu problemin aradan qaldırılmasını və media nümayəndələrinin məhkəmə posesində iştirakına şərait yaradılmasını xahiş edir.

"Biz müraciətimizdə jurnalistlər arasında ayrıseçkilik edilmədən hamısının məhkəmə zalına buraxılmasını xahiş etmişik. Eyni zamanda təklif etmişik ki, əgər məhkəmə zalında yer darısqaldırsa və jurnalistlərin sayının çoxluğu səbəbindən zala buraxılmırlarsa, onda Mətbuat Şurası prosesdə iştirak edəcək aparıcı media orqanları nümayəndələrinin siyahısını hazırlayıb məhkəməyə təqdim edə bilər"-deyə Ə.Amaşov məlumat verib. O əlavə edib ki, Mətbuat Şurası növbəti məhkəmə iclasına qədər - fevralın 27-dək bu problemin həll olunmasına çalışacaq.

Xəbər lenti

Xəbər lenti