...

Sərdar Cəlaloğlunun ADP–si Rəsul Quliyevin tərəfdarlarının keçirmək istədikləri qurultaya yer ayrılmaması ilə bağlı meriyaya müraciət edib

Siyasət Materials 14 Mart 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) 9-cu Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsi Rəsul Quliyevin tərəfdarlarının keçirmək istədikləri qurultaya yer ayrılmaması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.

R.Quliyevin rəhbərlik etdiyi ADP aprelin 14-də qurultay keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərib. Rəsul Quliyevin tərəfdarlarının bu addımına cavab olaraq S.Cəlaloğlunun rəhbərlik etdiyi Təşkilat Komitəsi meriyaya məktub ünvanlayıb.

Məktubda bildirilir ki, ADP kimi Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi qurum fəaliyyət göstərir və digər bir qrupun ADP adı altında qurultay keçirmək hüququ yoxdur: "Diqqətinizə çatdırırıq ki, ADP Ali Məclisinin 27 yanvar 2007-ci il tarixli sessiyasında partiya nizamnaməsinə uyğun olaraq növbəti, 9-cu Qurultayın 2007-ci ilin may ayının birinci yarısında keçirilməsi ilə bağlı qərar qəbul edib. Ona görə də ADP üzvü olmayan həmin şəxslərin partiya adından hər hansı bir toplantı keçirmək hüququ yoxdur".

Məktubda Bakı Şəhər İcra Hakimiyyətindən R.Quliyev tərəfdarlarının keçirmək istədikləri qurultaya yer ayırmamaq xahiş olunur.

Xatırladaq ki, müxalifəti təmsil edən ADP 1991-ci ildə yaradılıb. Partiya bir müddət əvvəl R.Quliyev və S.Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə bölünüb.

Xəbər lenti

Xəbər lenti