...

Bahar Muradova: "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunmalıdır"

Siyasət Materials 17 Mart 2007 13:12 (UTC +04:00)
Bahar Muradova: "Siyasi partiyalar haqqında" yeni qanun qəbul olunmalıdır"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 1992-ci ildə bir çox qüsurlarla qəbul edilib. Ona görə də mövcud reallıqlara uyğun yeni qanunun qəbulu zəruridir. Bu barədə məlumat verən Milli Məclisin sədr müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, bu məsələni ilk dəfə YAP gündəmə gətirib: "Yeni qanun Konstitusiyaya uyğunlaşdırılmalı, siyasi partiyaların fəaliyyətinin şəffaf qurulması istiqamətində müddəaları özündə əks etdirməlidir. Həmçinin, partiyaların maliyyələşdirilməsi məsələsi birdəfəlik öz həllini tapmalıdır. Qeyd edim ki, qüvvədə olan qanun daha çox partiyadaxili vəziyyətin tənzimlənməsini nəzərdə tuturdu".

Vitse-spiker hesab edir ki, bütövlükdə bu qanunun fəlsəfəsi dəyişməlidir. Qanun siyasi partiyaların dövlət qurumları ilə, eləcə də öz aralarında münasibətlərin tənzimlənməsini də özündə ehtiva etməlidir. Partiyadaxili məsələlər isə partiyaların öz nizamnamələrində əks olunmalıdır: "Fikrimcə, yeni qanunda kimlərinsə konyuktur məqsədlərinin nəzərə alınmasına imkan vermək olmaz. Burada mövcud ictimai-siyasi vəziyyət nəzərə alınmalı və beynəlxalq təcrübədən müəyyən qədər istifadə edilməlidir. Ancaq bütün hallarda spesfik xüsusiyyətlərimiz qanunda xüsusi yer tutmalıdır."

Onun fikrincə, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbuluna tələsmək lazım deyil. Bütün tələblərə cavab verən və uzun müddət işləyə biləcək qanun hazırlanmalıdır. B.Muradovanın sözlərinə görə, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi istiqamətində hökumətlə beynəlxalq qurumlar arasında müzakirələr aparılır.

"Bu tipli müzakirələr həmişə olub və olacaq. Sözügedən qanunla bağlı təkliflər hələ də müzakirə olunur. Konkret təsdiq edilmiş layihə olmadığı üçün yekun fikir söyləmək hələ tezdir", -deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti