...

Azərbaycan MSK sədri ABŞ Dövlət Departamentinin nümayəndələri ilə görüşüb

Siyasət Materials 3 Aprel 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Ümumdünya Seçki Təşkilatının ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən IV konfransında iştirak edib. Bu barədə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Pənahov Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti Riçard Sudriettenin Ümumdünya Seçki Təşkilatı adından ünvanladığı dəvət əsasında martın 25-dən 31-dək ABŞ-da səfərdə olub.

"Hər bir səs həlledicidir" mövzusunda keçirilən IV konfransda dünyanın 50-dən artıq ölkəsindən 200-ə yaxın seçki qurumuınun rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və seçki ekspertləri iştirak ediblər.

Konfransdan əlavə, MSK sədri səfər çərçivəsində İFES-in hazırkı prezidenti Riçard Sudriette və iyundan etibarən onu əvəz edəcək Jan-Pier Kinqsli ilə görüşüb, iki qurum arasındakı əməkdaşlığın hazırki vəziyyəti, perspektivləri müzakirə olunub. Pənahovun Böyük Britaniyanın Mərkəzi Seçki Komissiyasının sədri Sem Yanqer, Avropa Seçki Rəsmiləri Assosiasiyasının baş katibi Zoltan Tos və digərləri ilə də görüşüb.

Pənahov ABŞ Dövlət Departamentində dövlət katibinin Demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Bari Lovenkron, Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə koordinatoru Tomas Adams, həmçinin ABŞ-ın bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də işgüzar görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti