...

Müsavat deputat qrupunun üzvü AŞPA-ya getməkdən imtina etdi

Siyasət Materials 12 Aprel 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Mən Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində fəaliyyət göstərmək və qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburqa getmək niyyətində deyiləm. Bu barədə cümə axşamı Bakıda bir neçə gün əvvəl Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilmiş Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli bildirib.

"Bu təyinat mənim üçün gözlənilməz oldu. Çünki bir neçə gün əvvəl Milli Məclisin Aparatında AŞPA-dakı nümayəndə heyətinin tərkibinə daxil edilməyim üçün razılığım istəniləndə bundan qəti şəkildə imtina və etiraz etmişəm" - deyə cənab Əkbərli əlavə edib.

O qeyd edib ki, Milli Məclisin Aparatında keçirilən görüşdə Müsavat deputat qrupunun qərarını əsas götürərək həmkarı Nəsib Nəsblinin namizədliyini irəli sürüb.

Əkbirli deyib ki, bu məsələ ilə bağlı Müsavat Partiyasının rəhbərliyinə məlumat verib: "Müsavat Divanı da bu məsələni müzakirə edib və Nəsib Nəsiblinin namizədliyini müdafiə edib. Əgər partiyanın belə bir qərarı varsa, mənim AŞPA-dakı nümayəndə heyətinin tərkibində fəaliyyət göstərməyim mümkün deyil. Mən istənilən halda öz mövqeyimdə qalacam."

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə qeyd edib ki, Müsavat rəhbərliyi partiyanı AŞPA-da təmsil etmək üçün Nəsib Nəsiblinin namizədliyini irəli sürüb: "Biz sona qədər bu mövqeyimizdə qalacağıq. Əminik ki, İltizam Əkbərli partiyanın qərarına riayət edəcək."

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 20-ci əsrin əvvəllərində yaradılıb və 1992-ci ildə yenidən bərpa olunub. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Müsavat Partiyası Milli Məclisdə 5 deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti