...

Deputat: "Ola bilər ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilməsin"

Siyasət Materials 13 Aprel 2007 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətindən öz razılığımla çıxarılsam da, məsələ bitmədən bu haqda mətbuata açıqlama verilməsindən narazıyam və buna etirazımı bildirirəm. Bu barədə cümə günü Bakıda millət vəkili Elmira Axundova bildirib.

E.Axundova qeyd edib ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilməsi məsələsi başa çatmayıb: "Mənə bildiriblər ki, bu məsələ ilə bağlı Milli Məclis rəhbərliyi ilə Müsavat Partiyası arasında anlaşılmazlıq yaranıb. Ola bilər ki, nümayəndə heyətinin tərkibində heç bir dəyişiklik edilməsin. Ona görə də bu məsələ bitməmiş onun haqqında məlumat vermək yaxşı hadisə deyil və mənə çox pis təsir edib."

Millət vəkili qeyd edib ki, bu qalmaqaldan sonra Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində işləmək istəmir. "Hətta təklif etsələr belə, orda qalmayacağam",- deyə Elmira Axundova vurğulayıb.

E.Axundova vurğulayıb ki, nümayəndə heyətinin tərkibindən çıxarılmasının tələm-tələsik mətbuata ötürülməsindən təəssüf hissi keçirir. "Milli Məclisin digər beynəlxalq təşkilatlardakı nümayəndə heyətində təmsil olunmağım üçün spiker Oqtay Əsədova müraciət edəcəyəm. Səməd Seyidova isə öz etirazımı bildirəcəyəm".

O, bu hadisənin millət vəkili Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğvinin əleyhinə çıxması və YAP sədrinin sabiq müavini Sirus Təbrizlinin onun kitabının təqdimat mərasimində etdiyi çıxışı ilə heç bir əlaqəsi olmadığını da qeyd edib. Millət vəkili yaranmış vəziyyətin nəylə bağlı olduğunu açıqlamayıb: "Mənə qarşı heç bir təzyiq yoxdur."

E.Axundova qeyd edib ki, onunla Milli Məclisin sədri arasında heç bir problem yoxdur.

Xəbər lenti

Xəbər lenti