...

Azərbaycanlı deputat Avropa Şurası Nazirlər Komitəsinin sədrinə yazılı sorğu ilə müraciət edib

Siyasət Materials 14 Aprel 2007 11:14 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejiminin rəsmi İrəvanın dəstəyi ilə iyul ayında keçirmək istədiyi qondarma "prezident seçkiləri" ilə bağlı Avropa Şurası Nazirlər Komitəsinin sədri Stolfiyə yazılı müraciət edib. Bu barədə şənbə günü Qənirə Paşayeva məlumat verib.

Q.Paşayevanın müraciətində qeyd olunub ki, beynəlxalq hüquq normalarına zidd olan bu addımlar eyni zamanda, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində Azərbaycan və Ermənistan arasında aparılan həssas danışıqlar prosesinə mənfi təsir göstərir.

"Avropa Şurası Nazirlər Komitəsi bütövlükdə Cənubi Qafqaz bölgəsində sülhün və sabitliyin yaranmasına əngəl törədən bu addımların, dəqiq desək, iyulda keçiriləcək qondarma və qanuna zidd prezident seçkilərinin qarşısını almaq üçün hansı addımlar atmağı planlaşdırır?", -deyə sənəddə qeyd olunub.

Q.Paşayeva vurğulayıb ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində indiyə qədər keçirilən heç bir seçki beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb.

Millət vəkilinin müraciətində deyilir ki, bu da doğru bir addımdır, çünki həmin ərazilər Azərbaycana məxsusdur və hazırda işğal altındadır.

"Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycanın ərazisində separatçı erməni rejiminin keçirdiyi bu cür seçkilər də tanına bilməz. Bizim əsas məqsədimiz odur ki, bu qondarma seçkilərin qarşısını almaq üçün Avropa Şurası və qurumun Nazirlər Komitəsi öz səylərini göstərisin", -deyə Q.Paşayeva vurğulayıb.

Nümayəndə heyətinin üzvü deyib ki, AŞPA-nın yaz sessiyası çərçivəsində Avropa Şurası Nazirlər Komitəsinin sədri Stlofi çıxış edəcək. Sədr çıxışı zamanı müxtəlif ölkələrin nümayəndə heyətləri tərəfindən göndərilən yazılı suallara cavab verir. Eyni zamanda AŞPA prezidienti sual müəlliflərinə müraciət edir ki, əlavə sualı var, ya yox. Əgər sual olarsa, Nazirlər Komitəsinin sədri onu da cavablandırır.

Xəbər lenti

Xəbər lenti