Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Mayın sonu-iyunun əvvəlində Avropa Şurasının Venesiya Komissiyası və Azərbaycan hökuməti nümayəndələrinin Seçki Məcəlləsinin təkmilləşdirilməsi məsələsi üzrə növbəti görüşü keçiriləcək.
Çərşənbə günü Venesiya Komissiyasının seçkilər üzrə şöbəsinin əməkdaşı Sergey Kuznetsovun verdiyi məlumata əsasən, Starsburqda keçiriləcək görüşdə komissiyaların tərkibinin təşkili, seçki kampaniyası və namizədlərin qeydiyyatı məsələləri müzakirə olunacaq.
Kuznetsov qeyd edib ki, payızda Azərbaycanın Seçki Məcəlləsi üzərində işin başa çatdırılması planlaşdırılır. Sentyabrda Venesiya Komissiyası Məcəlləyə dəyişikliklərin edilməsi layihəsi üzrə rəy hazırlayacaq.
Aprelin əvvəlində Bakıda keçirilmiş işçi qrupun əvvəlki görüşündə Məcəlləyə ilk dəfə 2005-ci il parlament seçkilərində Azərbaycan prezidentinin fərmanı ilə tətbiq olunmağa başlamış səsvermə zamanı barmaqların mürəkkəblə nişanlanması maddəsinin salınması barədə qərar qəbul olunmuşdu. Əsas müzakirə mövzusu həmçinin seççi prosesi ilə bağlı olan qərarlardan şikayət verilməsi olmuşdu və Məcəlləyə dəyişikliklərin edilməsi ilə bağlı razılıq əldə olunmuşdu.