...

Vitse-spiker: "Seçki komissiyaları peşəkar və siyasi mənsubiyyəti olmayan şəxslərdən formalaşdırılmalıdır"

Siyasət Materials 10 May 2007 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün formalaşdırılan İşçi Qruplar müzakirələri davam etdirirlər və ortada razılaşdırılmış variant olmadığı üçün məsələ yaxın vaxtlarda parlamentin müzakirəsinə çıxarılmayacaq. Bu barədə cümə axşamı Bakıda Milli Məclis sədrinin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova məlumat verib.

"Düşünürəm ki, müzakirələr daim getməlidir. Çünki bu, qanunverici fəaliyyətdir və bir prosesdir. İnkişaf getdiyi üçün dəyişiklik də olmalıdır. Ona görə də müəyyən qanunların üzərində beynəlxalq təşkilatlarla birgə iş getməlidir. Lazım gəldiyi anda biz bu məsələyə baxacağıq" - deyə o bildirib.

Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması məsələsində hakimiyyətin mövqeyinin dəyişilməz olduğunu deyən Milli Məclis sədrinin müavini hesab edir ki, bu mövqe düzgün mövqedir: "Çünki Azərbaycanda YAP-la müqayisədə ortaya adekvat güc qoyan və buna mənəvi haqqı çatan qüvvələr yoxdur. Siyasi reallıq mütləq nəzərə alınmalıdır. Siyasi reallıq nəzərə alınmadan atılan addımlar, edilən dəyişikliklər kağız üzərində qalır və bunun həyata keçməsinə ümid etmək olmaz". Onun fikrincə, müxalifət bu arqumenti əlindən buraxmalı və başqa variant axtarmalıdır.

"Mənim fikrimcə, gələcəkdə seçki komissiyaları peşəkar və siyasi mənsubiyyəti olmayan şəxslərdən formalaşdırılmalıdır" - deyə Muradova əlavə edib.

O vurğulayıb ki, bunun üçün beynəlxalq təcrübə var. Müəyyən ölkələrdə seçkini hansısa dövlət qurumu həyata keçirir. Başqa dövlətlərdə isə peşəkarlar bu işlə məşğul olur: "Bütün bunları nəzərə alaraq müəyyən variant üzərində işləməliyik və seçki komissiyalarının siyasi partiyaların maraqlarından asılı vəziyyətə düşməsinə imkan verməməliyik. Bu mənim şəxsi fikrimdir".

Vitse-spiker hesab edir ki, gələcəkdə seçkilərin təşkil olunması məsələsi elə bir quruma həvalə olunmalıdır ki, cəmiyyətdə həmin quruma inam olsun: "Burada söhbət heç də həmin qurumun işin öhdəsindən gəlib-gəlməyəcəyi ilə bağlı deyil. Yəni inam məsələsi problem olaraq qalır. Müxalifət hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin çoxluq təşkil etdiyi seçki komissiyalarına inanmırsa, səhəri gün də başqa qurumun keçirdiyi seçkilərə inanmayacaq. Ona görə də seçki peşəkarlara tapşırılmalıdır ki, heç kimdə şübhə doğurmasın".

Xəbər lenti

Xəbər lenti