...

Səfir: "Azərbaycan prezidenti Krakovda iki və üçtərəfli görüşlər keçirəcək"

Siyasət Materials 11 May 2007 15:31 (UTC +04:00)
Səfir: "Azərbaycan prezidenti Krakovda iki və üçtərəfli görüşlər keçirəcək"

Azərbaycan, Bakı /müx. Trend S. Ağayeva / Azərbaycan prezidenti İlham Əliyev cümə günü günorta (yerli vaxtla) Polşanın Krakov şəhərinə gəlib. Burada Əliyev Azərbaycan, Ukrayna, Gürcüstan, Litva və Polşa dövlət başçılarının qatılacağı Energetika sammitində iştirak edəcək. Bu barədə Krakovdan telefonla Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib.

Səfirin bildirdiyinə görə, Azərbaycan prezidentinin bugünkü proqramında sammit iştirakçıları olan ölkə başçıları ilə iki görüşü planlaşdırılır. Konkret olaraq Azərbaycan, Ukrayna və Gürcüstan prezidentinin iştirakı ilə üçtərəfli formatda, habelə Litva prezidenti ilə ikitərəfli formatda görüşlər nəzərdə tutulur.

Görüşlərdə regional və ikitərəfli əməkdaşlığın aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Günün ikinci yarısında prezidentlər və onları müşayət edən nümayəndə heyətlərinin iştirakı ilə sammit öz işinə başlayacaq. Axşam Polşa prezidenti Lex Kaçinskinin adından dövlət başçılarının şərəfinə şam yeməyi veriləcək.

Quliyevin sözlərinə görə, mayın 12-də səhər sammit öz işini davam etdirəcək və kommünikenin qəbulu ilə yekunlaşacaq. Prezident İlham Əliyevin Polşaya səfəri mayın 12-də başa çatacaq. Buradan dövlət başçısı Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birlikdə Tbilisiyə yola düşəcək. Gürcüstan paytaxtında iki prezident Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin büstünün açılışında iştirak edəcək.

Məlumat üçün bildirək ki, sammitin keçirilməsi təşəbbüsü Polşa prezidenti Kaçinsikyə məxsusdur. Belə bir təkliflə o, mart ayında Ukraynaya səfəri zamanı çıxış edib. Burada Kaçinski ölkəsinin enerji daşıyıcılarının diversifikasiyasında maraqlı olduğunu deyib. Polşa prezidentini beş ölkənin lideri dəstəkləyib və sammitə dəvətini qəbul edib.

Əlavə edək ki, Azərbaycan, Ukrayna, Gürcüstan və Litva prezidentləri ilə yanaşı sammitə Qazaxıstan lideri Nursultan Nazarbayev də dəvət olunmuşdur. Lakin Rusiya prezidentinin Astanaya səfəri (mayın 10-dan 15-dək) səbəbi ilə Nazarbayev Krakovdakı sammitə qatıla bilməyib. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti